“Müəllimin inklüziv təhsildə rolu” mövzusunda seminar keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Müəllimin inklüziv təhsildə rolu” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda İnklüziv Təhsil Mərkəzinin müdiri, pedaqogika üzrə elmlər doktoru Nigar Zeynalova məruzə ilə çıxış edib. Tədbirdə inklüziv təhsil prosesinin səmərəli təşkili, müəllimin pedaqoji fəaliyyətinin əsas istiqamətləri, müxtəlif təhsil ehtiyaclarına malik şagirdlərə fərdi yanaşmanın tətbiqi və bərabər təhsil imkanlarının təmin olunması məsələləri ətraflı müzakirə edilib.
Seminarda ADU-nun Təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Firuzə Rzayeva və dekan müavini Sevinc Mahmudova iştirak ediblər.
Seminar çərçivəsində inklüziv təhsil mühitinin formalaşdırılmasında müəllimin peşəkar kompetensiyalarının rolu, şagirdlərin təlim prosesinə fəal cəlb olunması və müəllim–şagird əməkdaşlığının əhəmiyyəti diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.







