XƏBƏRLƏR

ADU əməkdaşları liderlik və idarəetmə təlimində iştirak ediblər

09 oktyabr, 2026

 Oktyabrın 7-də Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Liderlik və idarəetmə bacarıqları” mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycan Dillər Universitetinin (ADU) Keyfiyyətin Təminatı və Monitorinq Şöbəsinin əməkdaşları da iştirak ediblər.
BDU rektorunun müşaviri Asiman İlyasovun apardığı təlimdə müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Təlimin məqsədi iştirakçıların liderlik və idarəetmə kompetensiyalarını inkişaf etdirmək, effektiv idarəetmə yanaşmaları haqqında biliklərini genişləndirmək, kommunikasiya, komanda işi və qərar qəbuletmə bacarıqlarını təkmilləşdirmək olub.
Təlim çərçivəsində müasir liderlik nəzəriyyələri və yanaşmaları, effektiv idarəetmənin əsas prinsipləri, komandanın formalaşdırılması və motivasiyası, effektiv kommunikasiya, qərar qəbuletmə mexanizmləri, konfliktlərin idarə olunması və situativ idarəetmə mövzuları müzakirə edilib. Mövzular praktiki nümunələr, interaktiv müzakirələr və situasiya əsaslı tapşırıqlar vasitəsilə təqdim olunub.
Təlimdə müasir liderliyin yalnız inzibati qərarların qəbulu və tapşırıqların icrası ilə məhdudlaşmadığı, əməkdaşların potensialının üzə çıxarılmasının, motivasiyanın artırılmasının, etimada əsaslanan iş mühitinin formalaşdırılmasının və təşkilatın strateji məqsədlərinə nail olmaq üçün komanda potensialından səmərəli istifadənin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, əldə olunan bilik və bacarıqların peşəkar fəaliyyətə tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.