ADU-da xarici tələbələrlə görüş keçirilib
Sentyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) 2026-2027-ci tədris ilinin payız semestrində Orhun Mübadilə Proqramı və universitetlərarası Anlaşma Memorandumu çərçivəsində təhsil alan xarici tələbələrlə görüş keçirilib.
Görüşdə Beynəlxalq şöbənin müdiri Zeynal Cəfərov, Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Fatimə Qurbanzadə, Beynəlxalq şöbənin baş mütəxəssisi Şəfaqət Kazımova və mütəxəssis Kəmalə Həsənova, Türk dünyası araşdırmaları mərkəzinin assistenti Türkan Cəfərova, o cümlədən 2026-2027-ci tədris ilinin payız semestrində Orhun Mübadilə Proqramı və universitetlərarası Anlaşma Memorandumu çərçivəsində təhsil alan tələbələr iştirak edib. Görüşdə açılış nitqi ilə çıxış edən Beynəlxalq şöbənin müdiri Zeynal Cəfərov universitetin fəaliyyəti, təhsil imkanları, fakültələr, beynəlxalq əməkdaşlıq əlaqələri və tələbələr üçün yaradılmış akademik mühit haqqında ətraflı məlumat verib. Eyni zamanda, tələbələrin tədris prosesi və universitetə uyğunlaşma vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Tələbələr universitetdə qarşılanma və adaptasiya prosesindən məmnun olduqlarını bildirərək, müəllimlərin peşəkarlığını, tədrisin keyfiyyətini və universitetdə yaradılmış səmimi akademik mühiti yüksək qiymətləndiriblər. Tədris prosesinin yeni başlamasına baxmayaraq, onlar artıq dərslərlə bağlı müsbət təəssürat əldə etdiklərini qeyd ediblər. Tələbələr müəllimlərin yüksək peşəkar hazırlığını və tədris prosesini dərin və intensiv olduğunu xüsusən qeyd ediblər.
Görüş zamanı xarici tələbələrin ADU-da təhsil almaqdan razı qaldıqları vurğulanıb və bu cür mübadilə proqramlarının universitetin beynəlmiləlləşmə strategiyasının mühüm istiqamətlərindən biri olduğu qeyd edilib.
Daha sonra çıxış edən Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Fatma Qurbanzadə universitetin davamlı inkişafı, UI GreenMetric World University Rankings və QS reytinqindəki göstəriciləri, həmçinin beynəlxalq reytinqlərdə iştirakın əhəmiyyəti barədə məlumat verib.
Əcnəbi tələbələrin universitetin inkişafı və beynəlxalq əlaqələrinin gücləndirilməsi istiqamətində fəal iştirakının vacibliyi vurğulanıb. Eyni zamanda, tələbələrin tədris, sillabus və akademik məsələlərlə bağlı təklif və çətinlikləri dinlənilib, onların həlli istiqamətində zəruri dəstəyin göstərilməsinə hazır olunduğu bildirilib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, əcnəbi tələbələrin sualları cavablandırılıb və onların təklifləri dinlənilib.
Onu da qeyd edək ki, hazırda 8 nəfər Orhun Mübadilə Proqramı, 4 nəfər isə universitetlərarası Anlaşma Memorandumu çərçivəsində ADU-da təhsil alır.





