ADU-da “Mən kiməm?!” mövzusunda fəlsəfi seminar keçirilib
Sentyabrın 28-də Azərbaycan Dillər Universitetində TEC-in təşkilatçılığı ilə “Ülvi söhbətlər” silsiləsindən “Mən kiməm?!” mövzusunda fəlsəfi seminar keçirilib.
ADU-nun Elmi işləri üzrə prorektoru, professor Həmidə Əliyeva tədbir iştirakçılarını salamlayıb, mövzunun əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, 20 Yanvar şəhidi Ülvi Bünyadzadə qısa ömrünə baxmayaraq, zəngin yaradıcılıq irsi və dərin fəlsəfi düşüncələri ilə Azərbaycan gəncliyinə nümunə olub. Onun əsərlərində və düşüncələrində vətən sevgisi, azadlıq, insanın mənəvi dünyası və özünüdərk kimi mövzular mühüm yer tutur.
Seminarda “Mən kiməm?” sualının fəlsəfi mahiyyəti ətrafında müzakirələr keçirilib, insanın özünü tanıması və cəmiyyətdəki rolunun müəyyənləşdirilməsi məsələlərinə toxunulub.
Şəhid Ülvi Bünyadzadənin bacısı, AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə seminarın iştirakçılarını salamlayıb, təşkilatçılara öz təşəkkürünü bildirib.
Könül Bünyadzadə çıxışında Ülvi Bünyadzadənin həyat və yaradıcılığından söz açıb, onun qısa ömrünə böyük ideallar və mənəvi dəyərlər sığdırdığını qeyd edib. O, Ülvinin yaradıcılığında insan, mənəviyyat, azadlıq və özünüdərk məsələlərinin xüsusi yer tutduğunu vurğulayıb.
Professor bildirib ki, “Mən kiməm?!” sualı hər bir insanın həyatının müxtəlif mərhələlərində özünə verməli olduğu mühüm suallardan biridir. Onun sözlərinə görə, insanın özünü tanıması yalnız şəxsi keyfiyyətlərini deyil, cəmiyyət qarşısındakı məsuliyyətini və mənəvi dəyərlərini də dərk etməsindən keçir.
Seminar iştirakçıları ilə fikir mübadiləsi aparan Könül Bünyadzadə Ülvi Bünyadzadənin tələbə və gənclər üçün örnək olan düşüncə dünyasından danışıb, onun irsinin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Çıxış edənlər Ülvi Bünyadzadənin zəngin mənəvi irsindən, onun yaradıcılığından və gənc nəslə örnək olan həyat yolundan söz açıblar. Bildirilib ki, belə görüşlər tələbələrin fəlsəfi düşüncəsinin inkişafına, dünyagörüşünün zənginləşməsinə və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə mühüm töhfə verir.
Sonda mövzu ətrafında tələbələrin sualları cavablandırılıb və iştirakçıların fikirləri dinlənilib.



















