Peşəkar inkişaf təlimlərinə başlanılıb
Dərs müşahidələrinin nəticələri əsasında müəllimlər üçün 9–15 sentyabr 2026-cı il tarixində Keyfiyyətin təminatı və monitorinq şöbəsinin təşkilatçılığı ilə peşəkar inkişaf təlimlərinə başlanılıb
2025–2026-cı tədris ilinin II yarımilində Azərbaycan Dillər Universitetində həyata keçirilmiş dərs müşahidələrinin nəticələri tədris prosesinin keyfiyyət göstəricilərinin və müəllimlərin pedaqoji fəaliyyətinin sistemli şəkildə qiymətləndirilməsinə imkan verib.
Aparılmış müşahidələrin nəticələrinə əsasən, universitet üzrə müəllimlərin böyük əksəriyyətinin tədris etdiyi fənnin məzmununa dərindən bələd olduğu, dərslərə hazırlıqlı yanaşdığı, etik-pedaqoji davranış normalarına riayət etdiyi və tələbələr üçün müsbət psixoloji-təlim mühitinin yaradılmasına xüsusi diqqət yetirdiyi müəyyən olunub.
Bununla yanaşı, fakültələr üzrə aparılmış monitorinqlərin müqayisəli təhlili tədris prosesinin daha da təkmilləşdirilməsi baxımından bir sıra ümumi inkişaf istiqamətlərinin mövcudluğunu göstərib. Müəyyən edilmiş ehtiyaclar nəzərə alınaraq, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tədris prosesinə daha geniş tətbiqi və təlim keyfiyyətinin yüksəldilməsi məqsədilə 9–15 sentyabr 2026-cı il tarixlərində peşəkar təlimçilər tərəfindən xüsusi təlimlərin keçirilməsinə başlanılıb.
Təlim proqramı dərs müşahidələri və monitorinqlər zamanı müəyyən edilmiş prioritet istiqamətləri əhatə edir. Proqram çərçivəsində müəllimlər üçün aşağıdakı mövzular üzrə praktiki və metodiki sessiyalar təşkil olunur:
- Sillabusların və təlim nəticələrinin təkmilləşdirilməsi – fənn üzrə təlim nəticələrinin düzgün müəyyənləşdirilməsi, onların məzmun və qiymətləndirmə meyarları ilə uyğunlaşdırılması;
- Təlim resurslarından və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi – müasir rəqəmsal alətlərin və elektron resursların təlim prosesinə məqsədyönlü inteqrasiyası;
- Müasir təlim metod və üsullarından istifadə etməklə dərsin səmərəli təşkili – tələbə yönümlü, interaktiv və fəal təlim metodlarının tətbiqi;
- Dərsin planlaşdırılması və vaxtın idarə olunması – dərsin məqsəd, mərhələ və fəaliyyətlərinin sistemli planlaşdırılması və tədris vaxtından səmərəli istifadə;
- Tələbə fəallığının və motivasiyasının artırılması – tələbələrin təlim prosesində fəal iştirakının təmin edilməsi, əməkdaşlığa əsaslanan öyrənmə mühitinin yaradılması və motivasiyaedici pedaqoji yanaşmaların tətbiqi.
Təlimlərin əsas məqsədi yalnız mövcud çatışmazlıqların aradan qaldırılması deyil, eyni zamanda müəllimlərin müasir tədris yanaşmaları üzrə metodiki potensialının gücləndirilməsi, qabaqcıl pedaqoji təcrübələrin paylaşılması və keyfiyyət yönümlü təlim mədəniyyətinin daha da inkişaf etdirilməsidir.
Bu istiqamətdə Keyfiyyətin təminatı və monitorinq şöbəsi tərəfindən həyata keçirilən tədbirlər Azərbaycan Dillər Universitetinin tədris prosesinin keyfiyyətinin davamlı şəkildə yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının sistemli şəkildə dəstəklənməsi və tələbəyönümlü təhsil mühitinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətlərin tərkib hissəsidir.
Universitetdə dərs müşahidələri, monitorinq və qiymətləndirmə nəticələrinin təhlili əsasında inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və həmin ehtiyaclara uyğun peşəkar inkişaf tədbirlərinin həyata keçirilməsi keyfiyyət təminatı mexanizmlərinin davamlı təkmilləşdirilməsinə xidmət edir.







