XƏBƏRLƏR

ADU-nun professoru beynəlxalq elmi simpoziumda məruzə edib

18 avqust, 2026

 Türkiyənin İstanbul şəhərində Qadın və Demokratiya Vəqfi (KADEM), Freiburg Universiteti, Fatih Sultan Mehmet Vəqf Universiteti və Tbilisi Dövlət Universitetinin əməkdaşlığı ilə “19th Century Women Writers in the Muslim World” (“19-cu əsr müsəlman dünyasında qadın yazarlar”) adlı Beynəlxalq elmi simpozium təşkil olunub.


İki gün davam edən beynəlxalq elmi tədbirdə dünyanın bir sıra universitetlərinin alimləri tərəfindən Türkiyədən Misirə, İrandan İndoneziyaya, Şimali Afrikadan Azərbaycana qədər geniş İslam coğrafiyasında yetişmiş qadın ziyalı və yazarların həyatı, yaradıcılığı və intellektual irsi müxtəlif elmi istiqamətlərdən araşdırılıb.


Simpoziumda Freiburg Universiteti, Marmara Universiteti, Tbilisi Universiteti, Rodbound Universiteti, Göttingen Universiteti, İndiana Universiteti Bloomington, Küveyt Universiteti, Duke Universiteti, Halic Universiteti, Bordeaux Universiteti, London Universiteti, Konnektikut Universiteti, Fatih Sultan Mehmet Vəqf Universitetinin alimləri ilə yanaşı Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru, Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli və həmin kafedranın baş müəllimi, hal-hazırda Fatih Sultan Mehmet Vəqf Universitetinin doktorantı Dinarə Muxtarova “Voices of Change: Hamida Javanshir and Sakina Akhundzadeh as Pioneers in Shaping Muslim Women’s Intellectual Agency in Azerbaijan” adlı məruzə ilə çıxış edib.


Məruzədə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ədəbi-mədəni mühitində qadınların intellektual və ictimai fəaliyyətinin mühüm simalarından olan Həmidə Cavanşir və Səkinə Axundzadənin yaradıcılığı və fəaliyyəti təhlil edilib. Tədqiqatda hər iki qadın ziyalının qadınların maariflənməsi, intellektual inkişafı və cəmiyyətdə fəal mövqe qazanması istiqamətindəki rolu, eləcə də onların Azərbaycan mədəni və ədəbi fikir tarixində yaratdıqları irs diqqət mərkəzində olub.


Beynəlxalq seminar qadınların tarixi və intellektual irsinin tanınması, arxivlərdə, əlyazmalarda və müxtəlif dillərdə qorunub saxlanılan əsərlərin yenidən elmi dövriyyəyə gətirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib. Tədbir çərçivəsində qadınların elm və təhsil, ədəbiyyat, ictimai-siyasi və sosial islahatlar, eləcə də qadın hüquqları sahəsindəki fəaliyyəti və tarixi rolu müzakirə olunub.


Simpozium müxtəlif ölkələrdən alim və tədqiqatçıların iştirakı qadın ədəbiyyatı, gender, ədəbi-mədəni irs və müsəlman dünyasında qadınların intellektual fəaliyyəti ilə bağlı beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb.