Professor Əli Səfiyev vəfat edib
Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin tədrisi metodikası kafedrasının elmi məsləhətçisi, professor Əli Səfiyev vəfat edib.
Qeyd edək ki, Əli Səfiyev 1 aprel 1941-ci ildə Bakı şəhərində anadan olub. 1958–1963-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun İngilis-Azərbaycan dilləri fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1963-cü ildə Sumqayıt Boru-Prokat Zavodunda tərcüməçi kimi başlayıb. 1963–1965-ci illərdə hərbi xidmətdə olub, 1965–1967-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Xarici dillərin tədrisi metodikası kafedrasında müəllim işləyib. 1967–1969-cu illərdə Misir Ərəb Respublikasında ingilis və rus dilləri üzrə tərcüməçi kimi fəaliyyət göstərib.
1969-cu ildən etibarən Azərbaycan Dillər Universitetində müəllim, baş müəllim, dosent, professor və elmi məsləhətçi vəzifələrində çalışıb. O, uzun illər universitetdə pedaqoji və elmi fəaliyyət göstərib, 1993–2007-ci illərdə isə Tərcümə, Qiyabi və Axşam təhsili fakültələrinin dekanı vəzifəsini icra edib. Professor Əli Səfiyev 20 elmi məqalənin, 8 tezisin, 3 kitabın və 2 tədris proqramının müəllifi idi. O, xarici dillərin tədrisi metodikası sahəsində mühüm xidmətləri ilə Azərbaycan təhsilinə dəyərli töhfələr verib.
Azərbaycan Dillər Universitetinin kollektivi professor Əli Səfiyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.