XƏBƏRLƏR

ADU-da Elmi şuranın 2025-2026-cı tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirilib

10 iyul, 2026

 İyulun 10-da Azərbaycan Dillər Universitetində Elmi şuranın 2025-2026-cı tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirilib. 
Öncə Azərbaycan  Dillər Universitetində uzun illər səmərəli fəaliyyət göstərmiş görkəmli alim, tanınmış pedaqoq Əmralı Şirəli oğlu Şirəliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
ADU-nun rektoru, akademik Kamal Abdulla ADU-nun Rus dili və ədəbiyyatı kafedrasının dosenti Zülfünaz Babaşovanın 80 illik, German dilləri tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayevanın 60 illik, Tərcümə araşdırmaları mərkəzinin baş mütəxəssisi, “Xəzər” jurnalının baş redaktoru Etimad Başkeçidin 60 illik, Ümumi dilçilik kafedrasının professoru Çingiz Qaraşlının 75 illik yubileyləri, Elm və innovasiya məsələləri üzrə prorektor, professor Həmidə Əliyevanı və Tərcümə fakültəsinin dekanı, professor Bənövşə Məmmədovanı doğum günü münasibətilə təbrik edib, əməkdaşlara yeni elmi nailiyyətlər arzu edib. 
ADU-nun rektoru, akademik Kamal Abdulla ADU-nun əməkdaşları Sevda İmanova, Aida Sobor, Aytən Allahverdiyeva, Fatma Qurbanzadə, Aygün Rüstəmzadə, Hüsniyyə Tanrıverdiyeva, Mətanət Qocayeva, Səadət Nuriyeva, Arzu Baxşəliyeva, Zəhra Qəhrəmanova və Firəngiz Qurbanovanı elmi dərəcə və elmi adlar almaları münasibətilə təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzu edib. 
ADU MHİK-nin təşkilatçılığı və dəstəyi ilə yubilyarlara və elmi adla təltif olunanlara gül dəstələri təqdim olunub. 
Biliyin qiymətləndirilməsi şöbəsinin müdiri İranə Əsədzadə  2025-2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının yekunlarına dair hesabatla çıxış edib. 
Qeyd edilib ki, 2025–2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyası qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun, şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil olunub. 
Hesabatda imtahanlarda iştirak edən tələbələrin sayı, akademik göstəricilər, uğur faizləri, yaranan müraciətlər və onların operativ şəkildə araşdırılması ilə bağlı statistik məlumatlar təqdim edilib. 
Həmçinin sessiya müddətində tətbiq olunan elektron nəzarət və qiymətləndirmə mexanizmlərinin imtahan prosesinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərdiyi vurğulanıb. 
Keyfiyyətin təminatı və monitorinqi şöbəsinin müdiri, dosent Fatma Qurbanzadə Dərslərin izlənməsi komissiyasının hesabatını təqdim edib. 
Bildirilib ki, hesabat dövrü ərzində fakültələr üzrə keçirilən dərslərin monitorinqi həyata keçirilib, tədris prosesinin təşkili, müəllimlərin pedaqoji fəaliyyəti, müasir tədris metodlarından istifadə səviyyəsi və tələbələrin dərslərdə fəallığı qiymətləndirilib. 
Monitorinqlərin nəticələri əsasında müsbət təcrübələr müəyyənləşdirilib, eyni zamanda tədrisin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə bəzi istiqamətlər üzrə tövsiyələr hazırlanıb.
Qeyd edilib ki, monitorinq nəticələri tədris prosesinin davamlı təkmilləşdirilməsi, keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. 
Hesabat ətrafında aparılan müzakirələr zamanı komissiyanın fəaliyyətinin gələcəkdə daha da genişləndirilməsi və monitorinq nəticələrinin tədris prosesində tətbiqinin effektivliyinin artırılması ilə bağlı təkliflər irəli sürülüb.
Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Xuraman Əsgərova hesabatla çıxış edib. 
Hesabatda kafedranın 2025–2026-cı tədris ili ərzində tədris, elmi-tədqiqat və təşkilati fəaliyyətinin əsas nəticələrini diqqətə çatdırıb. Tədris proqramlarının icrası, müəllim heyətinin elmi fəaliyyəti, beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər, eləcə də tələbələrin elmi və akademik nailiyyətləri barədə ətraflı məlumat verilib.
Beynəlxalq şöbənin müdiri Zeynal Cəfərov ADU-nun beynəlxalq əməkdaşlıq çərçivəsində Macarıstanın Seqed, Yunanıstanın İonian və Krid universitetləri ilə müqavilələrin bağlanılması haqqında məlumat verib. 
Söylənilib ki, yeni tərəfdaşlıqlar universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin təşviqi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 
Qeyd edilib ki, bu istiqamətdə görülən işlər ADU-nun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə və təhsil sahəsində qlobal əməkdaşlıq şəbəkəsinin genişlənməsinə xidmət edir.
ADU-nun rektoru, akademik Kamal Abdulla yeni əməkdaşlıq müqavilələrini imzalayıb. 
Tərcümə fakültəsinin dekanı, professor Bənövşə Məmmədova Tərcümə fakültəsində kafedraların ləğv olunması haqqında məruzə ilə çıxış edib. 
Məruzədə universitetdə həyata keçirilən struktur islahatları çərçivəsində fakültənin idarəetmə modelinin optimallaşdırılması, tədris və elmi fəaliyyətin daha səmərəli təşkili məqsədilə hazırlanan təklifləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Elmi şura çapa tövsiyələr və müsabiqə ilə davam edib.