XƏBƏRLƏR

ADU-da Filologiya-ədəbiyyatşünaslıq ixtisası üzrə əmək bazarının nümayəndələri ilə görüş keçirilib

08 iyul, 2026

İyulun 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının, Magistratura şöbəsinin və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə filologiya - ədəbiyyatşünaslıq ixtisası üzrə Əmək bazarının nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi bu ixtisasda bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrin əmək bazarının müasir tələbləri barədə məlumatlandırılması, onların peşə hazırlığının gücləndirilməsi, karyera imkanlarının genişləndirilməsi, eləcə də ali təhsil müəssisələri ilə elmi-tədqiqat qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi olub.

Tədbiri giriş sözü ilə Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Şahin Xəlilli açaraq iştirakçıları salamlayıb, belə görüşlərin tələbələrin gələcək peşəkar fəaliyyətində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əliyeva çıxış edərək müasir əmək bazarının ali təhsil qarşısında qoyduğu tələblərdən, elmi biliklərin praktik bacarıqlarla uzlaşdırılmasının vacibliyindən, həmçinin gənc mütəxəssislərin rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində universitetdə həyata keçirilən fəaliyyətlərin yüksək nəticələrindən bəhs edib.

Görüşdə Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Gilə Hüseynli filologiya ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan tələbələrin sayının artımı ilə əlaqədar olaraq bu istiqamətdə magistratura səviyyəsində təhsil almağa marağın artırılmasının və qəbul sayının yüksəldilməsinin ölkədə elmi-pedaqoji potensialın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüş Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyovanın, Bakı Avrasiya Universitetinin Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Kekeçin, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Əsədovun, Filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Budaqovanın və ADU-nun Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nicat Aşurovun çıxışları ilə davam edib.

Çıxışlarda müasir əmək bazarında filoloqlar üçün mövcud imkanlar, işəgötürənlərin gözləntiləri, karyera planlaşdırılması, təcrübə proqramlarının əhəmiyyəti, eləcə də gənclərin peşəkar inkişafına dəstək verən mexanizmlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, kafedra əməkdaşları ali təhsil müəssisələri ilə elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin və tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasının vacibliyini xüsusi vurğulayıblar.

Görüş interaktiv müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb, gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.