ADU-da “Poeziyada deyktik elementlərin müqayisəli təhlili” adlı elmi seminar keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Fransız dilləri fakültəsinin nəzdində fəaliyyət göstərən İngilis dilinin qrammatikası kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə “Poeziyada deyktik elementlərin müqayisəli təhlili” mövzusunda növbəti elmi-nəzəri seminar keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti, gənc tədqiqatçılar və magistratura səviyyəsində təhsil alan tələbələr iştirak ediblər.
Seminarı giriş sözü ilə İngilis dilinin qrammatikası kafedrasının müdiri, professor Leyla Xanbutayeva açaraq mövzunun dilin praqmatik qatı ilə birbaşa bağlı olduğunu və elmi tədqiqatlar baxımından aktual əhəmiyyət kəsb etdiyini vurğulayıb. Daha sonra İngilis dilinin qrammatikası kafedrasının professoru, filologiya elmləri doktoru Şəfaqət Mahmudova “Praqmatik kateqoriya kimi deysis” və “İngilis və Azərbaycan poeziyasında deyktik elementlərin müqayisəli-funksional təhlili” mövzularında məruzə ilə çıxış edib.
Təqdimat zamanı professorun şəxsi elmi qeydlərindən, mövzuya dair əlyazma materiallarından və metodiki resurslardan istifadə olunub. Şəfaqət Mahmudova klassik və müasir Azərbaycan, eləcə də ingilis poeziyasından nümunələr əsasında mövzunu geniş şəkildə şərh edib.
Elmi diskussiya şəraitində davam edən seminar çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, magistrlərin və müəllimlərin sualları cavablandırılıb.
Seminarın sonunda professor Leyla Xanbutayeva məruzənin elmi əhəmiyyətini yüksək qiymətləndirərək məruzəçiyə və iştirakçılara təşəkkürünü bildirib.







