Professor Şahin Xəlilliyə yubileyi münasibətilə beynəlxalq təbrik məktubu ünvanlanıb
Azərbaycan Dillər Universitetinin Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Şahin Xəlillinin 75 illik yubileyi münasibətilə Ostin şəhərindəki Texas Universitetinin dramaturgiya üzrə fəxri professoru, Amerika Uşaq Teatrı Fondunun Qəyyumlar Şurasının Prezidenti doktor Syuzan Zeder tərəfindən təbrik məktubu göndərilib.
Təbrik məktubunda professor Şahin Xəlillinin beynəlxalq ədəbiyyat və mədəniyyət sahəsindəki elmi fəaliyyəti yüksək qiymətləndirilir. Qeyd olunur ki, onun poeziya, folklor, tarix və hekayəçilik sahələrini əhatə edən çoxsaylı əsərləri müxtəlif yaş qrupları üçün nəzərdə tutulub, müxtəlif xalqların ədəbi-mədəni irsinin öyrənilməsinə mühüm töhfə verib. Məktub müəllifi alimin monoqrafiyalarının və elmi nəşrlərinin həm klassik, həm də müasir ədəbiyyatın tədqiqi baxımından dəyərli mənbələr olduğunu vurğulayır.
Doktor Syuzan Zeder professor Şahin Xəlillinin professor Səadət Əliyeva ilə həmmüəllifi olduğu Amerika uşaq ədəbiyyatına həsr edilmiş kitabı da xüsusi qeyd edir. O, həmin nəşrdə müasir Amerika dramaturqu kimi özünün də təqdim olunmasından məmnunluğunu bildirərək, kitabın Amerika uşaq ədəbiyyatını zəngin mənbələr əsasında təqdim etdiyini və Azərbaycanlı tələbələr üçün əhəmiyyətli elmi vəsait olduğunu qeyd edir.
Məktubda professor Şahin Xəlillinin elmi yaradıcılığı "oxucunu müxtəlif dövrlərə və mədəniyyətlərə aparan bir elmi səyahət" kimi səciyyələndirilir, onun hər bir əsərinin yüksək elmi dəqiqlik və orijinal yanaşma ilə seçildiyi vurğulanır.
Təbrik məktubu "Bütövlükdə isə Şahin Xəlillov sizin ölkənizin milli sərvətidir" fikri ilə yekunlaşır.

