ADU müəllimi beynəlxalq sertifikatlara layiq görülüb
Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının Beynəlxalq jurnalistika ixtisası üzrə müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Hüseynova İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində beynəlxalq sertifikatlara layiq görülüb.
Proqram çərçivəsində Aynurə Hüseynova süni intellektin iş prinsipləri, onun gündəlik fəaliyyətə tətbiqi, eləcə də akademik mühitdə peşəkar dərs planlarının hazırlanması, qiymətləndirmə metodlarının və tədris materiallarının effektiv şəkildə dizayn edilməsi istiqamətlərində bilik və bacarıqlarını inkişaf etdirib.
O, ABŞ-ın “DeepLearning.AI” şirkətinin təsisçisi və “Coursera” şirkətinin həmtəsisçisi Andrew Ng tərəfindən təqdim olunan “Hər kəs üçün generativ süni intellekt”, həmçinin Arizona Dövlət Universiteti tərəfindən təşkil edilən “İngilis dilini indi öyrədin! Dərs dizaynı və qiymətləndirilməsi” adlı təlimlərdə uğurla iştirak edərək beynəlxalq sertifikatlar əldə edib.



