"İnteraktiv və İnklüziv Tədris: Süni İntellektlə Gücləndirilmiş Praktik Yanaşmalar" mövzusunda təlim keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə “İnteraktiv və İnklüziv Tədris: Süni İntellektlə Gücləndirilmiş Praktik Yanaşmalar” mövzusunda təlim təşkil olunub.
Humanitar fənləri tədris edən müəllimlər üçün nəzərdə tutulan təlim interaktiv tədris metodlarının tətbiqi, süni intellekt alətlərinin tədris prosesinə inteqrasiyası, müasir qiymətləndirmə yanaşmaları və inklüziv təhsil prinsiplərinin ali təhsil mühitində istifadəsinə həsr olunub.
Təlim Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Vüsalə Əfəndiyeva, Beynəlxalq Münasibətlər kafedrasının baş müəllimləri Fatimə Güləmirli və Leyla Rüstəmli, həmçinin Birgə və Sağlam İB-nin klinik psixoloqu Milana Həsənova tərəfindən keçirilib.
Tədris məsələləri üzrə prorektor, psixologiya üzrə fəlsəfə doktoru Şəfəq Şahməmmədova çıxış edərək təlimin ali təhsil müəssisələrində tədris keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və müasir tədris metodlarının tətbiqi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, rəqəmsal transformasiya və süni intellekt alətlərinin təhsil prosesinə inteqrasiyası müəllimlərin fəaliyyət imkanlarını genişləndirir və tələbəyönümlü tədris mühitinin formalaşdırılmasına xidmət edir.
Təlim çərçivəsində müxtəlif mövzular üzrə nəzəri və praktik sessiyalar həyata keçirilib. “İnteraktiv təlim metodları” mövzusunda tələbə fəallığının artırılması, qrup işi və effektiv sualvermə texnikaları üzrə praktik nümunələr təqdim olunub. “Praktik tətbiqlər və qiymətləndirmə” mövzusunda formativ və yekun qiymətləndirmə, rubriklərin hazırlanması və konstruktiv geribildirim mövzuları müzakirə edilib.
“Süni intellektlə gücləndirilmiş interaktiv tədris” sessiyasında ChatGPT, Gemini və NotebookLM kimi alətlərin tədris prosesində istifadəsi nümayiş etdirilib, dərs materiallarının, tapşırıqların və qiymətləndirmə vasitələrinin süni intellekt dəstəyi ilə hazırlanması üzrə praktiki nümunələr təqdim olunub. Eyni zamanda süni intellektdən etik və məsuliyyətli istifadə prinsipləri diqqətə çatdırılıb.
“İnklüziv təhsil və fərdiləşdirilmiş yanaşmalar” mövzusunda isə Universal Design for Learning (UDL) prinsipləri əsasında inklüziv dərs dizaynı və müxtəlif öyrənmə ehtiyaclarına malik tələbələrin tədris prosesinə cəlb olunması yolları izah edilib.
Gün ərzində keçirilən təlim müddətində Mentimeter, Blooket və Crossword Labs kimi rəqəmsal alətlərdən istifadə imkanları da təqdim olunub və iştirakçılar bu platformaları praktik şəkildə sınaqdan keçiriblər.
Sonda iştirakçılar əldə etdikləri bilik və bacarıqları ümumiləşdirərək öz pedaqoji fəaliyyətlərinə tətbiq üzrə ilkin fəaliyyət planları hazırlayıblar. Bildirilib ki, bu kimi təlimlər müəllimlərin innovativ pedaqoji bacarıqlarının inkişafına, tədris keyfiyyətinin yüksəldilməsinə və rəqəmsal transformasiyanın sürətlənməsinə mühüm töhfə verir.
Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunublar, təlimçilərə isə təşəkkürnamələr təqdim edilib.













