ADU-nun dosenti "Ortaq Türk mirası" lahiyəsi çərçivəsində Ankarada silsilə tədbirlərdə iştirak edib
4-5 iyun tarixlərində Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində bir sıra tədbirlər keçirilib. Bu tədbirlərdə QAİ-nin Qadınlar Şurasının sədri, millət vəkili, layihənin və nümayəndə heyətinin rəhbəri Məlahət İbrahimqızı, QAİ-nin İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, QAİ-nin Qadınlar Şurasının üzvü, beynəlxalq əlaqələr üzrə koordinator, millət vəkili Tənzilə Rüstəmxanlı, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, millət vəkili Səbinə Salmanova, QAİ-nin Qadınlar Şurasının sədr müavini, ADPU-nun dekanı, dosent Könül Həsənova, QAİ-nin Ziyalılar Şurasının üzvü, Çəmbərək rayon QAİ-nin Beynəlxalq Əlaqələr Şurasının sədri, Azərbaycan Dillər Universitetinin Təhsildə Xarici Dillər kafedrasının müdiri və Qərbi Azərbaycan Mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, BDU-nun dosenti, Qadınlar Şurasının üzvü Xatirə Mehdiyeva, Azərbaycan Milli Tarix Muzeyinin departament rəhbəri, milli geyim üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova və QAİ-nin Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiya iştirak ediblər.
QAİ-nin Qadınlar Şurasının Ankarada həyata keçirdiyi layihə çərçivəsində növbəti tədbir Türkiyə Cumhurbaşkanlığı Külliyəsindəki Millət Kitabxanasında təşkil edilmiş görüş və kitab təqdimatı olub. Belə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti möhtərəm Mehriban Əliyeva haqqında, eləcə də Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr edilmiş 30-a yaxın elmi, publisistik kitabların təqdimatı keçirilib.
Həmçinin, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın yeddi cildlik “Unudulmaz seçmələr” adlı kitabı dosent Həqiqət Hacıyeva tərəfindən Millət Kitabxanasına bağışlanılıb.
Tədbirdə dosent Həqiqət Hacıyeva “Milli geyim mədəniyyətinin formalaşmasında və qorunmasında qadınların rolu” adlı mövzuda çıxış edərək, tədbirin təşkilatçılarına akademik Kamal Abdullanın salamlarını yetirmiş və Azərbaycan Dillər Universiteti ilə Ankara Universiteti arasındakı sıx dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb.


































