Misgər Məmmədov: Təhsil milli kimliyi qoruyan və gələcəyi formalaşdıran strateji institutdur”
– Misgər müəllim, Azərbaycan Dillər Universitetinin Biləsuvar səfəri ilə bağlı ümumi təəssüratlarınızı bölüşərdiniz.
– Biləsuvar səfəri təhsil sahəsində həyata keçirilən əməkdaşlıq təşəbbüslərinin praktik nəticələrini müşahidə etmək baxımından olduqca əhəmiyyətli idi. Çin kimi nəhəng bir ölkənin səfirinin iştirakı ilə həyat keçirilən Çin təhsili, ADU vasitəsi ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində reallaşan arzular həmin görüşün ən məsuliyyətli anı idi. Səfər çərçivəsində keçirilən görüşlər və müzakirələr bir daha göstərdi ki, müasir təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır, eyni zamanda vətəndaş məsuliyyətinin, milli özünüdərkin və sosial həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Təhsil vasitəsi ilə müassir gəncliyin formalaşmasında akademik Kamal Abdullanın bağça-orta məktəb, ali məktəb cəmiyyət modelinin paratiqmasının şahidi oluruq. Biləsuvarda təhsilə göstərilən diqqət, gənclərin inkişafına yönəlmiş yanaşmalar və müxtəlif institutlar arasında formalaşan əməkdaşlıq mühiti olduqca müsbət təəssürat yaratdı.
– Səfər zamanı sizi ən çox təsirləndirən məqamlardan biri nə oldu?
– Düşünürəm ki, ən təsirli məqamlardan biri təhsillə və vətənpərvərlik dəyərlərinin bir-birini tamamlayan anlayışlar kimi təqdim olunması idi. Xüsusilə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Təhsil Kompleksində keçirilən tədbirlər gənc nəslin milli ruhda formalaşdırılması istiqamətində görülən işlərin əyani nümunəsi idi. Şəhid ailələrinə göstərilən ehtiram, qəhrəmanlarımızın xatirəsinin yaşadılması və gənclərin bu dəyərlər ətrafında tərbiyə olunması cəmiyyətimizin sağlam inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
– Təhsil Kompleksi ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?
– Bu əməkdaşlıq ali və orta təhsil müəssisələri arasında qurulan əlaqələrin uğurlu modelidir. Belə layihələr şagirdlərin universitet mühiti ilə daha yaxından tanış olmasına, onların gələcək peşə və təhsil seçimlərinə müsbət təsir göstərməsinə imkan yaradır. Eyni zamanda universitet əməkdaşlarının məktəblərlə təcrübə mübadiləsi aparması, müxtəlif maarifləndirici layihələr həyata keçirməsi təhsil sisteminin bütövlükdə inkişafına xidmət edir.
– Biləsuvarda açılan Konfutsi Mərkəzinin əhəmiyyətini necə dəyərləndirirsiniz?
– Konfutsi Mərkəzinin açılması yalnız yeni bir tədris məkanının yaradılması deyil. Bu, həm də təhsilin beynəlmiləlləşməsi prosesinin tərkib hissəsidir. Müasir dünyada gənclərin fərqli dilləri və mədəniyyətləri öyrənməsi onların dünyagörüşünün genişlənməsinə, müxtəlif xalqlarla daha sağlam ünsiyyət qurmasına imkan yaradır. Bu baxımdan mərkəzin fəaliyyəti gələcəkdə həm təhsil, həm də mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcək.
– Psixoloq və pedaqoq kimi bu səfərdən hansı nəticələri çıxardınız?
– Psixoloji baxımdan gənclərin formalaşmasında məktəb, ailə və cəmiyyət amillərinin vəhdəti böyük rol oynayır. ADU-nun rektoru Kamal Abdullanın həyata keçirilməsində pedaqoli uğuru göz qabağındadır. Biləsuvarda gördüklərimiz göstərdi ki, bu istiqamətdə sağlam əməkdaşlıq mühiti formalaşdırılıb. Gənclərə göstərilən diqqət, onların inkişafı üçün yaradılan imkanlar və milli dəyərlərə bağlılığın təşviqi gələcəyimiz üçün mühüm perspektivlər vəd edir. Hesab edirəm ki, belə təşəbbüslər təkcə təhsil nəticələrinə deyil, eyni zamanda sağlam və məsuliyyətli vətəndaşların yetişməsinə xidmət edir.
– Səfərdən çıxardığınız əsas nəticə nə oldu?
– Hesab edirəm ki, səfərin əsas nəticəsi təhsilin inkişafının yalnız təhsil müəssisələrinin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğunu bir daha nümayiş etdirməsi oldu. Biləsuvarda şahidi olduğumuz təşəbbüslər göstərdi ki, məktəb, universitet, dövlət qurumları və ictimai institutlar arasında qurulan əməkdaşlıq modeli gənclərin daha savadlı, milli dəyərlərə bağlı və müasir dünyagörüşünə malik vətəndaşlar kimi formalaşmasına mühüm töhfə verir. Bu baxımdan səfər təkcə görülən işlərlə deyil, gələcəyə yönəlmiş strateji baxışın təqdim olunması ilə də yadda qaldı.
İctimaiyyətlə əlaqələr şöbəsinin redaktoru
Şəhla Əhmədova



















