ADU əməkdaşları və tələbələri Qarabağa səfər edib
28 May – Müstəqillik Günü ərəfəsində Azərbaycan Dillər Universitetinin (ADU) Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının bir qrup müəllim və tələbəsi Qarabağa səfər edib.
Səfərdə kafedranın dosenti Rəna Rəcəbli, baş müəllimlər Şəhla Xələfova, Kəmalə Qurbanlı və Aygün Soltanzadə, eləcə də tələbələr iştirak ediblər.
Səfər çərçivəsində iştirakçılar əvvəlcə Ağdam şəhərinə baş çəkiblər. Burada Ağdam Cümə Məscidini ziyarət edən nümayəndə heyəti şəhərdə aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub.
Daha sonra səfər iştirakçıları Şuşa şəhərinə yollanıblar. Onlar İsa bulağı, Cıdır düzü və şəhərin bir sıra tarixi-mədəni abidələrini ziyarət ediblər. Nümayəndə heyəti Molla Pənah Vaqifin məqbərəsi, Natəvanın evi, Yuxarı Gövhər Ağa məscidi, Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin heykəli və Şuşa qalası ilə tanış olub. Eyni zamanda şəhərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat əldə ediblər.
Səfərin növbəti mərhələsində müəllim və tələbələr Xankəndi şəhərində olublar. Burada onlar şəhərin müxtəlif ərazilərini gəzərək aparılan yenidənqurma işləri ilə tanış olublar. Nümayəndə heyəti Qarabağ Universitetinin yerləşdiyi əraziyə, şəhərin mərkəzi meydanına və digər mühüm obyektlərə baş çəkib.
Səfər çərçivəsində iştirakçılar Qarabağ bölgəsində həyata keçirilən bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri və regionun inkişaf istiqamətləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, səfərin məqsədi müəllim və tələbələrin Qarabağ bölgəsində aparılan yenidənqurma prosesləri ilə tanış olması, eləcə də onların tarixi və mədəni irsin öyrənilməsi istiqamətində biliklərinin artırılması olub.















