Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov ADU-nun qonağı olub
Mayın 25-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanovla görüşüb.
Görüşdə xəlifə rektor Nihat Cəfərov da iştirak edib. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Görüş zamanı universitetlər arasında elmi, mədəni əlaqələr müzakirə olunub, müəllim-tələbə mübadiləsi, birgə təlim və konfransların keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında universitetlərarası əlaqələrin inkişafının təhsil və elm sahəsində yeni imkanlar yaratdığını qeyd edib, beynəlxalq əməkdaşlığın gənclərin akademik inkişafına mühüm töhfə verdiyini bildirib.
Qonaqpərvərliyə və xoş sözlərə görə təşəkkürünü bildirən Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov çıxışında Azərbaycanla elmi-mədəni münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayaraq, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın perspektivli olduğunu ifadə edib.
Bildirilib ki, ADU ilə əməkdaşlıq çərçivəsində bir sıra elmi, mədəni layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Söylənilib ki, son illər universitetlər arasında qurulan elmi əməkdaşlıq və tərəfdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir.
Tələbələrin xarici dil biliklərinin və bacarıqlarının artırılması istiqamətində ADU-nun təcrübəsinin önəmini qeyd edən rektor İsmayıl Bayxanov universitetlər arasında elmi əlaqələrin perspektivlərini yüksək qiymətləndirib.
Görüş zamanı iki ali təhsil müəssiəsi arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək addımlar müzakirə olunub. Tərəflər elmi və akademik münasibətlərin inkişaf etdirilməsinin hər iki universitet üçün faydalı olacağını bildirərək, qarşılıqlı əlaqələrin davamlı xarakter daşımasının vacibliyini qeyd ediblər.



