ADU-da “H. Əliyev və Azərbaycan memarlığı” adlı tədbir keçirilib
Mayın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) Elm, Magistratura və Doktorantura şöbələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq “H. Əliyev və Azərbaycan memarlığı” adlı tədbir keçirilib.
Tədbiri Magistratura şöbəsinin müdiri, dosent N. Əsədov giriş sözü ilə açaraq Azərbaycan memarlığının inkişafı və bu inkişafda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri haqqında məlumat verib.
Daha sonra ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva çıxış edərək bildirib ki, Azərbaycanda şəhərsalma və memarlıq sahəsində xüsusi dövlət siyasəti həyata keçirilir və görülən işlər nəticəsində şəhərlərimiz abadlığı və təmizliyi ilə seçilir.
Tədbirə dəvət olunan Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının dosenti Sürəyya Axundova Azərbaycanın mədəni irsi və memarlıq abidələri haqqında çıxış edərək keçmişdən günümüzə memarlığın inkişaf yoluna qısa ekskurs edib.
ADU-nun I kurs magistrantları Aytən Hidayətova və Mövlanə Nuruzadə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə birinci və ikinci rəhbərliyi dövründə memarlığın inkişafı və bu sahədə görülən işlər barədə maraqlı məlumatlar təqdim ediblər.
Doktorantura şöbəsinin müdiri, dosent Nərgiz Qarayeva isə memarlıq abidələrinin xüsusiyyətləri və şəhər infrastrukturundakı rolu haqqında maraqlı müqayisələr apararaq tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb.





