ADU-da “1 Günlük Xəlifə” layihəsi çərçivəsində rektor namizədlərinin debatı keçiriləcək
Mayın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “1 Günlük Xəlifə” layihəsi çərçivəsində rektor namizədlərinin debat mərhələsi təşkil olunacaq. Tədbir saat 12:50-də universitetin Təbriz korpusunun həyətində baş tutacaq.
Debatın məqsədi namizədlərin idarəçilik baxışlarını, strateji yanaşmalarını və universitetin inkişafına dair təkliflərini geniş auditoriya qarşısında təqdim etmələrinə şərait yaratmaqdır.
Təşkilatçılar tərəfindən bildirilib ki, debatın vaxtında və nizamlı keçirilməsini təmin etmək məqsədilə namizədlərdən qeyd olunan vaxtdan ən azı 20 dəqiqə əvvəl tədbir məkanında hazır olmaları xahiş olunur.
Debat Vilənaz xanım və Nigar xanımın moderatorluğu ilə keçiriləcək.
Tədbirin gedişinə əsasən, namizədlər səhnəyə adları elan olunduqdan sonra çıxış edərək ilkin olaraq öz platformalarını və vədlərini təqdim edəcəklər. Daha sonra iştirakçılara istək əsasında rəqiblərinə qarşı arqumentlə çıxış etmək imkanı yaradılacaq. Sonda isə moderatorlar tərəfindən ünvanlanan suallar namizədlər tərəfindən auditoriya qarşısında cavablandırılacaq.
Debat zamanı aşağıdakı qaydalara riayət olunması tələb olunur:
Təşkilat adlarının çəkilməsi qadağandır
Nifrət nitqi, təhqir və etikadan kənar ifadələr yolverilməzdir
Digər iştirakçıların sözünü kəsmək qadağandır
Moderatorların qərarlarına hörmətlə yanaşılmalıdır
Qeyd edək ki, qaydaların pozulması halında namizədin namizədliyi ləğv edilə bilər.
Moderatorlar debatın obyektiv, şəffaf və nizamlı şəkildə keçirilməsini təmin edəcəklər. Tədbirdə iştirak edən namizədlərdən hazırlıqlı olmaları, əsaslandırılmış arqumentlərlə çıxış etmələri və ünvanlanacaq suallara dolğun cavab vermələri gözlənilir.