ADU-da Azərbaycan dilinin tədrisinə dair seminar keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Azərbaycan dilçiliyi kafedrasının təşkilatçılığı ilə “Ali məktəblərdə Azərbaycan dilinin tədrisinin əsas istiqamətləri” mövzusunda seminar keçirilib. Tədbir ali təhsil müəssisələrində ana dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunub. Seminarda universitetin professor-müəllim heyəti və magistrantlar iştirak ediblər.
Seminarın əsas məruzəçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Hacıyeva çıxışında ali məktəblərdə Azərbaycan dilinin tədrisinin metodoloji əsaslarını geniş şəkildə təhlil edib. O, filologiya ixtisası üzrə təhsil alan tələbələrlə qeyri-ixtisas qruplarında tədris prosesinin metodik fərqlərinə toxunaraq, hər bir auditoriya üçün fərdi və peşəyönümlü yanaşmanın vacibliyini vurğulayıb.
Məruzədə müasir əmək bazarının tələblərinə uyğun olaraq tələbələrin şifahi və yazılı akademik kommunikasiya bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub. İşgüzar yazışmaların və rəsmi üslubun dərindən mənimsənilməsinin zəruriliyi xüsusi diqqətə çatdırılıb.
Y. Hacıyeva həmçinin tədris prosesində müəllim-tələbə münasibətlərinin düzgün qurulması, auditoriyanın effektiv idarə olunması və interaktiv təlim metodlarının tətbiqi məsələlərindən bəhs edib. Bildirilib ki, müasir yanaşmaların tətbiqi dərslərin daha cəlbedici və nəticəyönümlü təşkilinə imkan yaradır.
Müzakirələr zamanı Azərbaycan dilçiliyi kafedrasının müəllimləri də çıxış edərək öz təcrübələrini bölüşüb, ali məktəb dərsliklərinin təkmilləşdirilməsi və rəqəmsal resurslardan istifadənin genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Sonda qeyd olunub ki, bu kimi seminarlar gənc müəllimlərin peşəkar inkişafına, həmçinin ali təhsil müəssisələrində tədris olunan dil fənlərinin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə verir. Tədbir iştirakçıları maraq doğuran suallara cavabların verilməsi ilə başa çatıb.





