XƏBƏRLƏR

ADU-da “Yaşıl Həftə” layihəsi uğurla yekunlaşıb

28 aprel, 2026

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası, Magistratura şöbəsi və THİK-in təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədləri” çərçivəsində “Yaşıl həftə” yekunlaşıb.

“Yaşıl həftə” ərzində Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllim, magistrant və tələbələri 20–24 aprel tarixlərində iqlim dəyişiklikləri, ətraf mühitin mühafizəsi, eləcə də davamlı inkişaf prinsiplərinin təbliği istiqamətində silsilə tədbirlər keçiriblər. “Yaşıl həftə” layihəsinin başlıca məqsədi tələbələr arasında ekoloji dünyagörüşün formalaşdırılması, qlobal iqlim dəyişikliklərinə qarşı həssaslığın artırılması və bu istiqamətdə beynəlxalq təcrübəyə marağın təşviq edilməsidir. Bununla yanaşı, layihə çərçivəsində davamlı inkişaf məqsədlərinin əhəmiyyəti və onların həyata keçirilməsində gənclərin rolu xüsusi vurğulanıb. Bir həftə boyu tədbirlərin təşkilinə rəhbərlik etmiş prof. S. Əliyeva bildirib ki, “Yaşıl həftə” çərçivəsində aşağıdakı tədbirlər keçirilmişdir.

I tədbir - Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri tərəfindən hazırlanmış müxtəlif əl işləri və tematik maketlərdən ibarət sərgi təşkil olunub və sərgidə nümayiş etdirilən işlər iqlim dəyişikliklərinin təsirləri, alternativ enerji mənbələri, ekoloji balansın qorunması və “yaşıl şəhər” konsepsiyası kimi aktual mövzuları əhatə edib.

II tədbir - Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimləri, II kurs magistrantların moderatorluğu ilə “Amerika və Azərbaycanın su ehtiyatları və su problemlərinin müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilib.

III tədbir - “Cənubi Amerika ölkələri, Mərkəzi-Şərqi Avropa ölkələri və Azərbaycanın torpaq ehtiyatları və torpaq problemlərinin müqayisəli təhlili” adlı dəyirmi masa – ustad dərsi keçirilib.

IV tədbir - “Norveç və Azərbaycanda ekoloji problemlərin müqayisəli təhlili” mövzularında yeni tipli interaktiv dərs keçirilib.

V tədbir - eyni zamanda tələbələrin dəyirmi masa formatında konfransı təşkil olunub. Bütün panellərin moderatorları magistrantlar, çıxış edənlər isə tələbələr olmuş, rəhbər və akademik heyətin nümayəndələri isə dinləyici və müşahidəçi kimi iştirak ediblər.

VI tədbir - Fransa və Azərbaycanın alternativ enerji siyasəti haqqında dəyirmi masa keçirilib.

VII tədbir - THİK-in təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, müəllimlər və tələbələri universitetin həyətində ağacəkmə aksiyasında iştirak etmiş, hər layihə iştirakçısı olan tələbə bir ağac əkib.

VIII tədbir - ADU-nun rəhbər işçiləri “Yaşıl həftə” layihəsində iştirak edən tələbə və magistrantlara bütün həftə boyu keçirilən tədbirlərdə fəal iştirakına görə təşəkkür edib və sertifikatlar təqdim ediblər.

ADU-nun rəhbərliyi “Yaşıl həftə” konsepsiyası çərçivəsində keçirilən tədbirləri ekoloji maarifləndirmənin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndiriblər.

“Yaşıl Həftə”nin bağlanış mərasimində keçirilən bütün tədbirlər təhlil edilib və bildirilib ki, bu tədbirlər universitetdə ekoloji məsələlərə olan diqqəti artırmaq, tələbələr arasında təbiətə qarşı daha məsuliyyətli yanaşmalarını inkişaf etdirmək məqsədi daşıyıb. “Yaşıl həftə” ətraf mühitin qorunması istiqamətində atılacaq növbəti addımların ilkin bir mərhələsi idi. Ağacların əkilməsi, ekoloji seminarlar və digər fəaliyyətlər gələcəkdə daha geniş və təsirli təşəbbüslərə yol açacaq, iştirakçılar isə təbiətə qarşı məsuliyyətli və həssas bir yanaşma ilə həyatlarına davam edəcəklər.

Mərasimin sonunda universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əliyeva, THİK-in sədri Z. Hüseynova, TEC-in sədri D. Həşimova, Strateji inkişaf və planlama şöbəsinin müdiri R. Əliyeva, Magistratura şöbəsinin müdiri dos. N. Əsədov, BMR fakültəsinin dekan müavini A. Abbasov, Elm şöbəsinin müdiri dos. S. İmanova, Keyfiyyətin təminatı və monitoring şöbəsinin müdiri dos. F. Qurbanzadə layihənin əhəmiyyətini vurğulayaraq, “Yaşıl Həftə”nin uğurla başa çatması münasibətilə bütün iştirakçıları təbrik edib sertifikatları təqdim ediblər.