“Memarlıq – dövrün daşlaşmış iradəsi” adlı esse müsabiqəsi keçirilib
Aprelin 27-də Azərbaycan Dillər Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Ən yaxşı esse” yazı müsabiqəsi yüksək təşkilatçılıq səviyyəsində keçirilib. Tədbir universitetin İngilis və alman dilləri fakültəsi, İngilis və fransız dilləri fakültəsi, eləcə də Müəllim Həmkarlar İttifaqı Komitəsinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Müsabiqənin əsas məqsədi Azərbaycanın müasir dövrünün memarı olan Heydər Əliyevin irsinin gələcək nəsillərə aşılanması, gənclərin bu şəxsiyyət haqqında fikir və təfəkkürlərinin genişləndirilməsi, ölkədə şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin keçmişi, eləcə də Ümummilli Liderin təşəbbüsü ilə həyata keçirilmiş memarlıq və şəhərsalma layihələri barədə biliklərinin artırılması olub. Bununla yanaşı, müsabiqə tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, analitik və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin yazılı nitq mədəniyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Müsabiqədə universitetin I, II və III kursları üzrə 120 tələbə iştirak edib. Esselər ingilis, alman və fransız dillərində yazılıb. İştirakçılar müxtəlif aktual mövzular üzrə esselər təqdim edərək öz bilik və baxışlarını nümayiş etdiriblər. Yazılarda şəhər mühitinin davamlı inkişafı, urbanizasiya proseslərinin cəmiyyətə təsiri, müasir memarlıq meyilləri, innovativ şəhər planlaşdırılması, tarixi-mədəni irsin qorunması və ekoloji tarazlığın təmin olunması kimi mühüm məsələlər geniş şəkildə təhlil olunub. Tələbələr mövzulara yaradıcı yanaşma sərgiləyərək fərqli və orijinal ideyalar irəli sürüblər.
Hazırda təqdim olunmuş esselərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi prosesi davam edir. Qiymətləndirmə zamanı yazıların məzmun zənginliyi, mövzuya uyğunluğu, analitik yanaşma, dil və üslub xüsusiyyətləri, eləcə də yaradıcı yanaşma kimi meyarlar əsas götürülür. Yaxın günlərdə müsabiqənin nəticələrinin elan olunması və qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Tədbirin təşkilatçıları bildiriblər ki, bu kimi müsabiqələr tələbələrin elmi və yaradıcı potensialının inkişafına, onların sərbəst düşünmə və fikirlərini əsaslandırılmış şəkildə ifadə etmə bacarıqlarının formalaşmasına geniş imkan yaradır. Eyni zamanda, bu təşəbbüslər tələbələr arasında sağlam rəqabət mühitinin yaranmasına stimul verir. Qeyd olunub ki, gələcəkdə də bu tip layihələrin davam etdirilməsi və daha geniş miqyasda təşkili planlaşdırılır.













