XƏBƏRLƏR

ADU-da Rektoryanı şuranın növbəti iclası keçirilib

21 aprel, 2026

Aprelin 21-də Azərbaycan Dillər Universitetində (ADU) Rektoryanı şuranın növbəti iclası keçirilib. Rektor akademik Kamal Abdulla ADU-nun növbəti beynəlxalq uğurundan söz açıb. Bildirilib ki, ADU-ya Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) direktoru tərəfindən Xarici dil (İngilis dili) müəllimliyi, Beynəlxalq münasibətlər və Tərcümə (İngilis dili) təhsil proqramları üzrə ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçməsi haqqında sertifikat təqdim olunub.

Eyni zamanda ADU Məktəbəqədər tədris proqramı üzrə Təhsildə İnkişaf Agentliyinin akkreditasiyasından uğurla keçib.

Universitet bu il QS reytinq cədvəlində növbəti dəfə uğur əldə edərək, əlli pillə irəliləməyi bacarıb. Qeyd olunub ki, əldə olunan uğurlu nəticələr universitetin artan beynəlxalq nüfuzundan xəbər verir. Rektor çıxışında ADU-da hər il ənənəvi olaraq keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş konfrans haqqında danışıb. Konfransla bağlı hazırlıqlar yekunlaşmaq üzrədir və konfransa hər il olduğu kimi bu ildə beynəlxalq maraq böyükdür.

Tədbirdə tanınmış alimlər, ziyalılar, ictimai xadimləri, gənc tədqiqatçılar və tələbələr iştirak edəcəklər. Konfrans çərçivəsində Ümummilli liderin zəngin dövlətçilik irsi, təhsil siyasəti, Azərbaycançılıq məfkurəsi və müasir Azərbaycanın inkişaf strategiyası ilə bağlı məruzələr dinləniləcək.

Vurğulanıb ki, belə elmi toplantılar gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə, dövlətçilik ənənələrinin öyrənilməsinə və tarixi yaddaşın qorunmasına mühüm töhfə verir. Rektor qeyd edib ki, Azərbaycan Dillər Universiteti gələcəkdə də bu ənənəni davam etdirərək genişmiqyaslı elmi və maarifləndirici tədbirlərin təşkilini diqqətdə saxlayacaq.

Rektoryanı şura müzakirələrlə davam edib.