ADU və Türkiyənin Fatih Sultan Mehmet Vakıf Universiteti birgə beynəlxalq elmi seminar keçirib
Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının Türkiyənin Fatih Sultan Mehmet Vakıf Universitetinin Türk dili və ədəbiyyatı bölümü nəzdində fəaliyyət göstərən Qadın və Ailə Araşdırmaları Mərkəzi ilə birgə təşkil etdiyi beynəlxalq elmi seminar uğurla həyata keçirilib.
Mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə və inkişafına xidmət edən seminar “Dayanıqlı inkişaf məqsədləri – Məqsədlər üçün tərəfdaşlıq” çərçivəsində təşkil olunub. Tədbir gender bərabərliyi istiqamətində “İki coğrafiya, ortaq ufuk: Kadınların bilgiye erişimi ve kız çocuklarının eğitimi üzerine erken düşünceler – Qadınların təhsili və elmə yol açması kontekstində Səkinə Axundzadə və Fatma Aliye Topuz” mövzusuna həsr edilib.
Seminarda Fatih Sultan Mehmet Vakıf Universitetindən dos. Dr. Zeynep Kevser Şerefoğlu Danış və Azərbaycan Dillər Universitetindən prof. Dr. Vüsalə Ağabəyli məruzə ilə çıxış ediblər. Tədbirin moderatoru ADU-nun baş müəllimi, eyni zamanda FSMVÜ-nün doktorantı Dinara Muxtarova olub.
Eyni zamanda, FSMVÜ İnsan və Cəmiyyət Elmləri Fakültəsinin dekanı prof. Dr. Hasip Saygılı, ADU-nun rektor müşaviri Anar Osmanlı, İngilis və Fransız Dilləri Fakültəsinin dekanı dos. Vəfa Babayeva, İngilis və Alman Dilləri Fakültəsinin dekanı dos. Naibə Camalzadə, eləcə də digər kafedra müdirləri, Linqvokulturologiya kafedrasının əməkdaşları və magistrlar seminarda iştirak ediblər.
Seminar zamanı qadınların təhsili və onların elmə aparan yolu tarixi və müasir aspektlərdə müzakirə olunub, Səkinə Axundzadə və Fatma Aliye Topuzun yaradıcılığı əsasında qarşılıqlı və səmərəli fikir mübadiləsi aparılıb.
Hibrid formatda keçirilən tədbirdə akademik heyətlər arasında interaktiv müzakirə mühiti formalaşıb, iştirakçıların töhfələri ilə mövzu müxtəlif baxış bucaqlarından dəyərləndirilib.
Seminarın əsas məqsədi ədəbiyyat və mədəniyyət araşdırmaları kontekstində qadınların təhsili məsələsinə diqqət çəkmək, keçmişlə bu gün arasında əlaqəni gücləndirmək, mədəniyyətlərarası əməkdaşlığı genişləndirmək və beynəlxalq akademik tərəfdaşlığı inkişaf etdirmək olub.
Hər iki universitetin akademik potensialını bir araya gətirən seminar fənlərarası əməkdaşlığın gücləndirilməsinə töhfə verməklə yanaşı, gələcək birgə layihələr üçün də mühüm zəmin yaradıb.























