“Naxçıvan memarlıq məktəbi: keçmişdən günümüzədək inkişaf meyilləri” mövzusunda tədbir keçirilib
Aprelin 16-da Azərbaycan Dillər Universiteti-nin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Naxçıvan memarlıq məktəbi: keçmişimizdən günümüzədək inkişaf meyilləri” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva açaraq Naxçıvan memarlıq məktəbinin zəngin tarixi irsə malik olduğunu və onun qorunaraq müasir dövrdə inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” və “WUF-13” kimi layihələrin regionda memarlığın yenilənməsi, innovativ yanaşmaların tətbiqi və milli üslubun müasir tələblərlə uzlaşdırılması baxımından mühüm rol oynadığını qeyd edib.
Tədbirdə Naxçıvan memarlığına dair məruzələr dinlənilib. AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycanın Tarixi Coğrafiyası Elmi Qrupunun rəhbəri, aparıcı elmi işçi, t.ü.f.d., dosent Sahibə Budaqova “Naxçıvanda sənətkarlıq və memarlıq abidələri” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında çoxəsrlik tarixi olan Naxçıvan memarlıq məktəbinin abidələri, xarakterik xüsusiyyətləri barədə məlumat verərək bu irsin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, həmçinin məktəbin görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin yaradıcılığına nəzər salıb.
Universitetin Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Aysel Kərimova “Tarixdən müasirliyə: Naxçıvan memarlığının inkişaf yolu” adlı məruzəsində Naxçıvanın qədim insan məskənlərindən bəhs edərək bu ərazidə ən qədim dövrlərdən müasir dövrədək inşa edilmiş memarlıq abidələri haqqında məlumat verib. O, orta əsr Naxçıvan memarlıq məktəbi üçün səciyyəvi olan türbələr, xanəgahlar, körpülər və karvansaralar barədə də danışıb.
Dekan müavini, dosent Namiq Kərimov Naxçıvanın tarixən Azərbaycanın Aran əraziləri ilə İç Anadolu arasında, eləcə də şimali İraqdan cənubda Zəncana qədər uzanan coğrafiyada əlaqələndirici funksiyasını vurğulayaraq bunun şəhər həyatına təsir göstərdiyini qeyd edib. O, həmçinin tədbirin “WUF-13” (Ümumdünya Şəhərsalma Forumu) və Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində əhəmiyyətindən bəhs edib.
Tədbirdə memarlıq abidələrinin tarixi əhəmiyyəti, onların bərpası və qorunmasının vacibliyi xüsusi vurğulanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.













