İbtidai sinif müəllimliyi ixtisası üzrə əmək bazarı ilə görüş keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin Psixologiya və pedaqogika kafedrasının təşkilatçılığı ilə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə əmək bazarının nümayəndələri ilə işgüzar görüş keçirilib. Görüşdə Hədəf Şirkətlər Qrupunun mütəxəssisləri iştirak ediblər.
Tədbirin əsas məqsədi müasir əmək bazarının tələblərinin təhlili, ibtidai təhsil sahəsində kadr hazırlığının keyfiyyətinin artırılması və ali təhsil proqramlarının praktik ehtiyaclara uyğunlaşdırılması olub.
Görüş çərçivəsində Hədəf Şirkətlər Qrupunu təmsil edən mütəxəssislərlə əmək bazarında müşahidə olunan aktual çağırışlar, pedaqoji kompetensiyalara qoyulan tələblər və müəllim hazırlığında prioritet istiqamətlər ətrafında geniş müzakirələr aparılıb.
Müzakirələr zamanı ibtidai sinif müəllimlərinin peşəkar hazırlığında innovativ yanaşmaların tətbiqi xüsusi vurğulanıb. Bu kontekstdə süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası, həmçinin STEAM (Science, Technology, Engineering, Arts and Mathematics) yanaşmasının ibtidai təhsil səviyyəsində tətbiqi məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, tələbələrin analitik düşünmə, problem həll etmə və rəqəmsal savadlılıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində praktiki mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda qeyd olunub ki, əmək bazarının dinamik tələblərinə adekvat cavab verə bilən, texnoloji yeniliklərə açıq və çevik pedaqoji kompetensiyalara malik mütəxəssislərin hazırlanması üçün universitet–işəgötürən əməkdaşlığının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Görüşün yekununda səsləndirilən təkliflərin tədris proqramlarının təkmilləşdirilməsi, süni intellekt və STEAM əsaslı yanaşmaların kurikulumlara inteqrasiyası, eləcə də məzunların əmək bazarına daha effektiv inteqrasiyasının təmin olunması baxımından əhəmiyyətli olduğu vurğulanıb.











