XƏBƏRLƏR

“Zəngəzur dəhlizi: iqtisadi dividendlər və geosiyasi perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

16 aprel, 2026

Azərbaycan Dillər Universiteti Magistratura şöbəsinin təşkilatçılığı ilə 15 aprel tarixində “Zəngəzur dəhlizi: iqtisadi dividendlər və geosiyasi perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxışlar zamanı Zəngəzur dəhlizinin regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası baxımından mühüm strateji əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, bu layihə yalnız Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz və Avrasiya məkanında iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.

Çıxış edənlər vurğulayıblar ki, Zəngəzur dəhlizi Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirərək ticarət əlaqələrinin genişlənməsinə, daşınma xərclərinin azalmasına və regional əməkdaşlığın daha da möhkəmlənməsinə şərait yaradır.

Eyni zamanda qeyd olunub ki, layihənin reallaşması geosiyasi baxımdan da əhəmiyyətli nəticələr vəd edir. Bu baxımdan Zəngəzur dəhlizi regionda sabitliyin və iqtisadi əməkdaşlığın güclənməsinə töhfə verə biləcək strateji təşəbbüs kimi dəyərləndirilib. Bununla yanaşı, müxtəlif dövlətlərin maraqlarının kəsişdiyi şəraitdə layihənin həyata keçirilməsi ilə bağlı müəyyən siyasi və hüquqi məsələlərin mövcud olduğu diqqətə çatdırılıb. Xüsusilə suverenlik, sərhəd təhlükəsizliyi və beynəlxalq hüquq normalarına riayət olunmasının əsas prioritetlərdən biri olduğu vurğulanıb.