XƏBƏRLƏR

ADU-da 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib

02 aprel, 2026


Aprelin 1-də Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsinin təşkilatçılığı ilə 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən magistr I kurs tələbəsi Gülnar İbadova 1918-ci il martın 30-dan aprelin 2-dək erməni və bolşevik hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı haqqında ətraflı məlumat verib. O, tarixi faktlar və rəsmi sənədlərə əsaslanaraq hadisələrin mahiyyətini açıqlayıb, törədilən vəhşilikləri və xüsusi amansızlığı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Magistratura şöbəsinin müdiri, dosent Namiq Əsədov çıxışa münasibət bildirərək, 31 mart soyqırımının araşdırılması istiqamətində Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Daha sonra Beynəlxalq münasibətlər kafedrasının dosenti Mehriban Babaxanova çıxış edərək soyqırımlarla bağlı beynəlxalq konvensiyalar, eləcə də bu sahədə mövcud ikili standartlar haqqında fikirlərini bölüşüb.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam edib, gələcəkdə bu kimi faciələrin təkrarlanmaması üçün dövlət–xalq–ordu birliyinin qorunmasının vacibliyi xüsusi vurğulanıb.