ADU müəllimləri Bahçeşehir Universitetində Orhun proqramı çərçivəsində fəaliyyət göstəriblər
Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin üslubiyyatı kafedrasının müəllimləri, filologiya üzrə fəlsəfə doktoru Afaq Eminli və baş müəllim Nərmin Mustafayeva 02–08 mart tarixlərində Orhun Mübadilə Proqramı çərçivəsində Bahçeşehir Universitetində elmi-pedaqoji və akademik fəaliyyət həyata keçiriblər.
Səfər çərçivəsində hər iki müəllim universitetin müxtəlif fakültələrində seminar və mühazirələrlə çıxış edib, tələbələrlə görüşlər keçirərək interaktiv müzakirələr aparıblar.
Proqram müddətində universitetin Beynəlxalq əlaqələr üzrə məsul şəxsi Lalə Çobanoğlu ilə görüş baş tutub. Görüşdə tərəflər arasında akademik əməkdaşlıq imkanları, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, Təhsil fakültəsinin dekanı prof. Dr. Yavuz Samur ilə keçirilən görüşdə gələcək ortaq layihələr və elmi fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Səfər zamanı Afaq Eminli Rukiye Özlem Öztürkün dərsində, Nərmin Mustafayeva isə Ayşe Aslı Bozdağın rəhbərlik etdiyi dərsdə iştirak edərək beynəlxalq auditoriyada tədris prosesi ilə yaxından tanış olublar.
Sonda hər iki müəllimə təlim proqramını uğurla başa vurduqlarına görə sertifikat təqdim olunub.









