XƏBƏRLƏR

ADU-da “Dünya xalqlarının Novruz adətləri” mövzusunda tədbir keçirilib

19 mart, 2026

Azərbaycan Dillər Universitetində Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası və Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə 17 mart tarixində “Dünya xalqlarının Novruz adətləri” adlı tədbir keçirilib.
Tədbirdə Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva çıxış edərək Novruz bayramının qədim ənənələrə malik olduğunu, müxtəlif xalqların mədəni yaddaşında və sosial həyatında mühüm yer tutduğunu vurğulayıb. Bildirilib ki, Novruz təbiətin oyanışı, ruhun təzələnməsi və insanlar arasındakı əlaqələrin güclənməsi kimi əsas ideyaları özündə birləşdirən qədim bayramdır.
Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Aygün Soltanzadə Türkiyədə Novruz adət və ənənələrinin Osmanlı dövrünə qədər uzandığını qeyd edib. O, həmin dövrdə Novruziyyə şeirlərinin yazıldığını və Novruziyyə pastasının mövcudluğunu diqqətə çatdırıb. Türkiyə Cümhuriyyəti dövründə isə Novruzun qeyd olunmasının daha da ön plana çıxdığı bildirilib.
Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Kəmalə Qurbanlı İranda və Əfqanıstanda Novruz bayramının keçirilməsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, İranda Novruz ən mühüm bayramlardan biri hesab olunur və həft-sin süfrəsi xüsusi yer tutur. Əfqanıstanda isə bayram süfrələri və xalq oyunları bu günün əsas atributları sırasındadır.
Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Nigar Dünyamalılı Hindistan və Pakistanda Novruzun əsasən müəyyən dini və etnik icmalar tərəfindən qeyd olunduğunu bildirib. O qeyd edib ki, bu ölkələrdə Novruz baharın gəlişi və yeni ilin başlanması ilə əlaqələndirilir. Hindistanda pars zərdüşti icması, Pakistanda isə şiə, ismaili və beluci icmaları bu bayramı ənənəvi şəkildə qeyd edirlər. Eyni zamanda vurğulanıb ki, bu ölkələrdə Novruz milli bayram statusuna malik deyil və Azərbaycanla müqayisədə daha məhdud miqyasda qeyd olunur.
Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Ülviyyə Yaşarlı Türkmənistan və Özbəkistanda Novruz bayramının tarixi və adət-ənənələri barədə məlumat verərək, hər iki ölkədəki oxşar və fərqli xüsusiyyətləri müqayisəli şəkildə təqdim edib.
Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Aygün Seyidova isə Qazaxıstan, Qırğızıstan və Tacikistanda Novruzun Orta Asiya xalqlarının mədəniyyətində dərin köklərə malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu ölkələrdə bayram müxtəlif adət və yeməklərlə qeyd olunur. Naurız köje, beşbarmaq və sumalaq kimi ənənəvi yeməklər təqdim olunsa da, Novruzun ümumi məzmunu həyatın yenilənməsi, bolluq arzusu və insanların birliyini ifadə edir.
Tədbirin sonunda professor Sevdagül Əliyeva Novruzun əsas fəlsəfəsinin baharın gəlişi, torpağın oyanması və yeni həyatın başlanması ilə bağlı olduğunu vurğulayıb. O, bu bayramın insanları keçmiş inciklikləri unutmağa, yeni başlanğıclar etməyə və gələcəyə ümidlə baxmağa təşviq etdiyini qeyd edib.
Sonda Sevdagül Əliyeva tərəfindən iştirakçılara digər çərşənbələr münasibətilə simvolik hədiyyələr təqdim olunub: su çərşənbəsi üçün su, od çərşənbəsi üçün bayram şamı, yel çərşənbəsi üçün səməni halvası və şar, torpaq çərşənbəsi üçün isə qorğa paylanıb.