“Çağdaş Azərbaycan hekayələrində sosial-ictimai mühitin bədii ifadəsi” mövzusunda elmi seminar keçirilib
Fevralın 25-dətarixində Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrası və Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə “Çağdaş Azərbaycan hekayələrində sosial-ictimai mühitin bədii ifadəsi” mövzusunda elmi seminar keçirilib.
Seminarda Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Röya Mürşüdova mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib.
Məruzə çağdaş Azərbaycan hekayələrində sosial-ictimai mühitin bədii inikasının xüsusiyyətlərinə, bu mühitin ədəbi mətnlərdə təqdim olunma formalarına və yazıçıların cəmiyyətin aktual problemlərini bədii şəkildə ifadə etmə üsullarına həsr olunub. Çıxış zamanı müasir Azərbaycan hekayələrində sosial reallıqların, ictimai münasibətlərin, insan taleyinin və gündəlik həyat problemlərinin bədii təcəssümü ətraflı şəkildə təhlil edilib.
R.Mürşüdova qeyd edib ki, çağdaş hekayə janrı cəmiyyətin sosial-psixoloji vəziyyətini, fərdin ictimai mühitlə münasibətlərini və dövrün aktual problemlərini əks etdirmək baxımından mühüm ədəbi platformadır. Bildirilib ki, hekayələrdə sosial mühitin formalaşdırdığı insan xarakterləri, dəyərlər sistemi və müasir dövrün ictimai dəyişiklikləri xüsusi bədii vasitələrlə təqdim olunur.
Seminarda həmçinin çağdaş Azərbaycan hekayələrində sosial mövzuların bədii həlli, müəllif mövqeyi və mətnlərin ideya-məzmun xüsusiyyətləri geniş şəkildə müzakirə olunub, bu əsərlərin cəmiyyətin sosial gerçəkliklərinin öyrənilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Sonda seminar iştirakçıları mövzu ətrafında müzakirələr aparıb, çağdaş Azərbaycan hekayələrinin sosial-ictimai mühitin bədii ifadəsi baxımından araşdırılması ilə bağlı fikir mübadiləsi ediblər. Qeyd olunub ki, seminar doktorantlar üçün müasir ədəbi prosesin və sosial mövzuların elmi təhlili istiqamətində mühüm əhəmiyyət kəsb edir.



