XƏBƏRLƏR

"Əmək bazarında əmək münasibətləri və mediasiyanın rolu” mövzusunda tədbir keçirilib

13 mart, 2026


13 mart 2026-cı il tarixində Azərbaycan Dillər Universiteti ilə Azərbaycan Respublikası Mediasiya Şurasınin birgə təşkilatçılığı ilə “Əmək bazarında əmək münasibətləri və mediasiyanın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir universitetin Heydər Əliyev Muzeyinin lektoriyasında baş tutub və akademik heyətin, magistrantların, mediatorların və mövzu ilə maraqlanan iştirakçıların iştirakı ilə reallaşıb.
Tədbiri giriş sözü ilə açan universitetin Tərcümə fakültəsinin dekanı professor Bənövşə Məmmədova iştirakçıları salamlayaraq əmək münasibətlərində qarşılıqlı anlaşmanın və dialoq mədəniyyətinin formalaşmasında mediasiyanın əhəmiyyətini vurğulayıb. O, universitet mühitində belə maarifləndirici tədbirlərin keçirilməsinin tələbə və gənc tədqiqatçılar üçün mühüm bilik və təcrübə qazandırdığını qeyd edib.
Daha sonra, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd - “Əmək münasibətlərində mediasiyanın rolu və tətbiq imkanları” mövzusunda təqdimatla çıxış edib. O, əmək münasibətlərində yaranan mübahisələrin məhkəmədənkənar həllində mediasiya institutunun üstünlüklərini, tərəflər arasında konstruktiv dialoqun qurulması imkanlarını və mediasiyanın müasir əmək bazarında artan əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin davamında Bakı 8 saylı Mediasiya Təşkilatının mediatorları Natəvan Muradova və Günel Əliyeva tərəfindən tədbir iştirakçılarına əmək mübahisələrinin həlli üzrə real təcrübəyə əsaslanan praktiki nümunələr təqdim olunub. Təcrübə paylaşımı çərçivəsində mediasiya prosesinin mərhələləri, tərəflər arasında etimad mühitinin qurulması və münaqişələrin səmərəli həlli yolları haqqında ətraflı məlumat verilib.
Tədbir iştirakçıların sual-cavab və müzakirələri ilə davam edib. İştirakçılar mediasiya mexanizmlərinin əmək münasibətlərində tətbiqi, işəgötürən və işçi arasında yaranan mübahisələrin alternativ həll yolları barədə fikir mübadiləsi aparıblar.
Sonda tədbirin əhəmiyyəti vurğulanaraq belə görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub.