XƏBƏRLƏR

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

17 mart, 2026


 Azərbaycan Dillər Universitetində (ADU) İngilis və fransız dilləri fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Jalə Qəhərmanovanın və 327 A qrup tələbələrinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı il üçün fəaliyyət planına uyğun olaraq, tələbələr arasında antinarkotik təbliğatın əhatəsinin genişləndirilməsi məqsədilə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan “Mülki müdafiə və tibbi biliklərin əsası” kafedrasının baş müəllimi Aygün Hacıyeva sağlam həyat tərzinin təbliği və narkomanlığın zərərləri barədə fikirlərini iştirakçılarla bölüşüb.
Tədbirdə çıxış edən Bakı Şəhər Narkoloji Mərkəzin sosioloqu Fidan Ataxanlı narkotik vasitələrin sosial və psixoloji fəsadları haqqında ətraflı məlumat verib, bu bəlanın cəmiyyət üçün yaratdığı təhlükələrə diqqət çəkib.
Daha sonra “Sağlam Addım” mərkəzinin əməkdaşı İnara Kazımovskaya çıxış edərək narkotik asılılığı ilə bağlı şəxsi təcrübələrini bölüşüb, reabilitasiya prosesinin çətinlikləri və bu asılılığın insan həyatına vurduğu zərbələr barədə danışıb.
Tədbir çərçivəsində narkotik asılılığının həm hüquqi, həm də tibbi aspektləri izah olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda İngilis və fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva, dekan müavinləri Zoya Alıyeva və Zülqəddə Abdulkərimli çıxış edərək gənclər arasında narkomaniyaya qarşı mübarizədə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıblar.