“İqlim dəyişmələrinə qarşı adaptasiya və karbon izinin hesablanması” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının müdiri professor Vüsalə Ağabəylinin təşəbbüsü, kafedranın baş müəllimi Səidə Orucovanın təşkilatçılığı ilə Dayanıqlı inkişaf məqsədləri çərçivəsində “İqlim dəyişmələrinə qarşı adaptasiya və karbon izinin hesablanması” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova, İqlim və meteoroloji tədqiqatlar mərkəzinin direktor müavini Aygün Nərimanova, mərkəzin baş mühəndisi Gülnar Muradova, ADU-nun rektor müşaviri Anar Osmanlı, İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva, Linqvokulturologiya kafedrasının əməkdaşları, kafedraya təhkim olunan doktorantlar və magistrlər, eləcə də üçüncü kurs tələbələri iştirak ediblər.
Dəyirmi masa giriş sözü ilə çıxış edən professor Vüsalə Ağabəyli tərəfindən açılıb. O bildirib ki, kafedra və tələbələrlə birlikdə indiyədək iqlim dəyişikliyi istiqamətində açıq dərslər, dəyirmi masalar və ekskursiyalar təşkil olunub və mövzunun aktuallığı xüsusi diqqətə çatdırılıb.
Daha sonra Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri iştirakçılara iqlim dəyişmələri, bu dəyişikliklərə adaptasiya yolları və karbon izinin hesablanmasının əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Mütəxəssislər karbon izinin hesablanması mexanizmini izah edərək, ətraf mühitin qorunması və davamlı inkişaf baxımından bu mövzunun vacibliyini vurğulayıblar.
Sonda rektorun müşaviri Anar Osmanlı və İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva Linqvokulturologiya kafedrasına faydalı tədbirin təşkilinə görə təşəkkür ediblər.



















































