XƏBƏRLƏR

“İsmixan Rəhimov müasir gəncliyin gözü ilə” mövzusunda elmi-yaradıcı tədbir keçirilib

16 mart, 2026

 

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin qrammatikası kafedrasının təşəbbüsü ilə 13 mart 2026-cı il tarixində “İsmixan Rəhimov müasir gəncliyin gözü ilə” mövzusunda elmi-yaradıcı tədbir keçirilib. Tədbirin məqsədi görkəmli dilçi alim İsmixan Rəhimovun zəngin elmi irsinin gənc nəslə tanıdılması, onun dilçilik elminin inkişafına verdiyi töhfələrin təbliği və tələbələrin elmi-yaradıcı fəaliyyətə təşviq edilməsi olub.

Tədbiri giriş sözü ilə İngilis dilinin qrammatikası kafedrasının müdiri, professor Leyla Xanbutayeva açaraq iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Tədbirdə İngilis və fransız dilləri fakültəsinin dekanı, dosent V. Babayeva, İsmixan Rəhimovun adını daşıyan nəvəsi, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Fakültə dekanı çıxışında belə maraqlı və maarifləndirici tədbirin təşkilinə görə kafedra kollektivinə təşəkkürünü bildirib.

Kafedranın dosentləri Səadət Nuriyeva, dos. Sahilə Mustafayeva, baş müəllim Arzu Səlimova çıxış edərək İsmixan Rəhimovun elmi-pedaqoji fəaliyyəti və dilçilik elminin inkişafındakı xidmətləri barədə fikirlərini bölüşüblər. Çıxışlar slayd təqdimatları ilə müşayiət olunub. Tədbir çərçivəsində tələbələr məruzələrlə çıxış edib, alimin əziz xatirəsi ehtiramla yad olunub. İsmixan Rəhimovun nəvəsi çıxış edərək tədbirin təşkilinə görə minnətdarlığını ifadə edib.

Tədbirdə ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin əməkdaşı Gülzar Məmmədova da çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb, onun elmi və mənəvi irsinin gənc nəslin formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Sonda tədbirin təşkilində fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.