ADU-da elmi-praktik seminar keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəmil Babayevin “Dil materialının eksperimental-fonetik təhlili (kompüter proqramları əsasında)” mövzusunda elmi-praktik seminarı keçirilib.
Məruzədə eksperiment üçün dil materialının hazırlanması (həcmi, şərtləri, eksperimental-fonetik təhlilin məqsədinə uyğunluğu və s.), eksperimentdə iştirak edəcək diktorların seçilməsi, “PRAAT” kompüter proqramında dil materialının ossilloqrafik təhlili əsasında akustik parametrlərinin alınması, alınmış akustik nəticələrin mövcud nəzəri müddəalar əsasında linqvistik nöqteyi-nəzərdən şərhi məsələləri öz əksini tapıb.
Eyni zamanda məruzədə dil materialının spektroqrafik (formantlar üzrə təhlil) və ossilloqrafik təhlillərinin məqsədi, ayrı-ayrı dil səslərinin ossilloqrafik təsvirləri, zaman, intensivlik və əsas tonun tezliyinin parametrlərinin alınması barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, məruzə əyani nümunələr əsasında hazırlanmışdır.





