XƏBƏRLƏR

ADU-da İsmixan Rəhimovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib

06 mart, 2026

5 mart 2026-cı il tarixində Azərbaycan Dillər Universitetinin akt zalında böyük alim və pedaqoq, professor İsmixan Rəhimovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası, İngilis-Fransız dilləri kafedrası, İngilis dilinin qrammatikası kafedrası və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Tədbirin məqsədi görkəmli elm xadiminin elmi-pedaqoji fəaliyyətini, Azərbaycan elmi və təhsilinə verdiyi töhfələri bir daha xatırlamaq, onun zəngin irsini gənc nəslə çatdırmaq olub.

Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Kamal Abdullayev açaraq İsmixan Rəhimovun Azərbaycan elmi və maarifçilik tarixində tutduğu mühüm mövqedən danışıb. O qeyd edib ki, alim yalnız öz elmi fəaliyyəti ilə deyil, həm də yetişdirdiyi tələbələr və davamçıları ilə milli elmin inkişafında xüsusi rol oynayıb.

Rəsmi hissədən sonra İsmixan Rəhimovun həyat və fəaliyyətinə həsr olunmuş “İldırımlı yolun yolçuları” adlı sənədli filmdən 12 dəqiqəlik fraqment nümayiş etdirilib. Filmin ssenari müəllifi və rejissoru, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur. Film alimin həyat yolunu, elmi yaradıcılığını və onun haqqında xatirələri əks etdirən maraqlı materiallarla yadda qalıb.

Tədbirdə tanınmış alim və müəllimlər çıxış edərək İsmixan Rəhimovun elmi irsi haqqında fikirlərini bölüşüblər. Professor Qılıncxan Bayramov İsmixan Rəhimovun pedaqoji fəaliyyətindən və tələbələri ilə qurduğu səmimi münasibətlərdən danışıb.

Dosent Fiala Abdullayeva və baş müəllim Yusif Savalan çıxışlarında alimin elmi yaradıcılığı və onun tədqiqat istiqamətlərinin müasir dövrdə də öz əhəmiyyətini qoruduğunu diqqətə çatdırıblar. Professor Şəhla Nağıyeva isə İsmixan Rəhimovun elmi məktəbinin formalaşmasında oynadığı rol barədə geniş məlumat verib.
Tədbirdə həmçinin sənədli filmin ssenari müəllifi və rejissoru Müsəllim Həsənov çıxış edərək filmin hazırlanma prosesi və istifadə olunan arxiv materialları haqqında məlumat verib.

Proqram çərçivəsində tələbələrin və gənc tədqiqatçıların da çıxışları dinlənilib. Fatimə Məmmədova alimin dünyaya gəlişi və həyatının ilk illəri haqqında məlumat təqdim edib, Leyla Nəzərli onun pioner dövrü və formalaşma mərhələsindən bəhs edib. Fəzilə Saniyeva İsmixan Rəhimovun yaradıcılığını, Aysun Lətifova isə onun aldığı təltif və mükafatları haqqında məruzə edib.

Tədbirin bədii hissəsində Elyanora Babayeva tərəfindən şeir səsləndirilib. Tələbələr Aytac Qaziyeva və Zərifə Rəhimova da çıxış edərək alimin həyat və fəaliyyətinə dair təqdimatlar ediblər.

Sonda qeyd olunub ki, İsmixan Rəhimovun zəngin elmi irsi Azərbaycan elminin inkişafında mühüm rol oynamaqda davam edir və onun fəaliyyəti gələcək nəsillər üçün dəyərli nümunə olaraq qalır. Tədbir alimin xatirəsinin ehtiramla yad edilməsi və onun elmi irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.