XƏBƏRLƏR

ADU-da “Azərbaycanda memar qadınlar” mövzusunda dəyirmi masa keçirilib

06 mart, 2026

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri və Gender” çərçivəsində 4 mart tarixində “Azərbaycanda memar qadınlar” mövzusunda dəyirmi masa keçirilib. Tədbir həmçinin 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə əlaqədar təşkil olunub və Azərbaycan memarlığında qadınların rolunun, onların peşəkar fəaliyyətinin, eləcə də şəhər mühitinin formalaşmasına verdikləri töhfələrin müzakirəsinə həsr edilib.
Dəyirmi masa Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyevanın giriş nitqi ilə açılıb. Sevdagül Əliyeva çıxışında müasir urbanizasiya prosesləri fonunda memarlıq və şəhərsalmanın cəmiyyətin sosial-mədəni inkişafında mühüm rol oynadığını vurğulayıb, xüsusilə memarlıq sahəsində fəaliyyət göstərən qadın mütəxəssislərin bu proseslərdə artan iştirakının əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, memarlıq yalnız texniki və estetik fəaliyyət sahəsi deyil, həm də sosial mühitin və ictimai münasibətlərin formalaşmasına təsir göstərən mühüm yaradıcı sahələrdən biridir.
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Mühit dizaynı” kafedrasının müdiri, professor, əməkdar memar Hacıyeva Yeganə Ərşad qızı “Şəhər mühitində qadın” mövzusunda məruzə ilə çıxış edib. O, müasir şəhər mühitinin formalaşdırılmasında gender aspektlərinin roluna toxunub, şəhər məkanlarının planlaşdırılması və dizaynında qadın baxışının əhəmiyyətini elmi və praktik nümunələr əsasında izah edib. Məruzədə həmçinin qadın memarların şəhər mühitinin daha humanist, funksional və estetik baxımdan zənginləşdirilməsində oynadıqları rol xüsusi vurğulanıb.
Daha sonra AzMİU-nun “Mühit dizaynı” kafedrasının dosenti, Bakı Memarlar Assosiasiyasının professoru Ağayeva Nərgiz Əli qızı “Güzəşt sevməz bir ilahi sənət” mövzusunda məruzə ilə çıxış edib. Natiq memarlığın yüksək məsuliyyət və peşəkar yanaşma tələb edən bir yaradıcılıq sahəsi olduğunu qeyd edib, memarlığın həm estetik, həm funksional, həm də sosial aspektlərinin harmoniyasının vacibliyini vurğulayıb. O, memarlığın cəmiyyətin mədəni kimliyinin formalaşmasında və tarixi irsin qorunmasında mühüm rol oynadığını xüsusi olaraq qeyd edib.
Tədbir çərçivəsində AzMİU-nun “Mühit dizaynı” kafedrasının baş müəllimi Qədirli Cəmalə Orxan qızı “Mənim sənət yolum” adlı məruzə ilə çıxış edib. Çıxışda müəllif şəxsi yaradıcılıq təcrübəsi, memarlıq və dizayn sahəsində qazandığı peşəkar nailiyyətlər, eləcə də gənc memarların formalaşması prosesində qarşıya çıxan çətinliklər və imkanlar haqqında ətraflı məlumat verib.
Dəyirmi masa iştirakçıların fəal müzakirələri ilə davam edib. Tədbirdə memarlıq sahəsində qadınların elmi və yaradıcı fəaliyyətinin inkişaf perspektivləri, memarlıq təhsilinin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tədbir memarlıq və şəhərsalma sahəsində gender balansının və qadın mütəxəssislərin rolunun daha geniş şəkildə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.