İngilis dilinin tədrisində müasir təlim metodlarının tətbiqinə dair elmi seminar keçirilib
27 fevral 2026-cı il tarixində Azərbaycan Dillər Universiteti (ADU) ilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında elmi-metodiki əməkdaşlıq çərçivəsində universitetlərarası elmi seminar təşkil olunub. Tədbir ADU-nun Strateji inkişaf və planlama şöbəsi, İngilis - fransız dilləri fakültəsi və ATMU-nun Dillər kafedrasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Seminar ATMU-nun Dillər kafedrasının professor-müəllim heyəti üçün nəzərdə tutulub və ali təhsildə xarici dil tədrisinin keyfiyyətinin yüksəldilməsi, müasir metodiki yanaşmaların təşviqi və müəllimlərin davamlı peşəkar inkişafının dəstəklənməsi məqsədi daşıyıb. Tədbir universitetlərarası akademik əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təlimçi qismində ADU-nun İngilis dilinin tədrisi metodikası kafedrasının baş müəllimi və British Council təlimçisi Zarema İbrahimova iştirak edib. O, “İngilis dilinin tədrisində müasir təlim metodlarının tətbiqi” mövzusunda əhatəli təqdimatla çıxış edərək beynəlxalq təcrübəyə əsaslanan metodiki yanaşmaları və onların ali təhsil mühitində tətbiq mexanizmlərini iştirakçılarla bölüşüb.
Seminarın açılış nitqini ATMU-nun Dillər kafedrasının Tərcümə ixtisası üzrə fənn komissiyasının sədri, baş müəllim Könül Salmanova edib. O, bu kimi elmi-metodiki təşəbbüslərin xüsusilə gənc və perspektivli müəllimlərin peşəkar formalaşmasında mühüm rol oynadığını vurğulayaraq universitetlərarası əməkdaşlığın davamlı xarakter daşımasının vacibliyini qeyd edib.
Seminar proqramı ingilis dilinin müasir tədris metodikasının əsas istiqamətlərini əhatə edib. Sessiya çərçivəsində kommunikativ yanaşma (Communicative Language Teaching), tapşırıqəsaslı öyrənmə (Task-Based Learning), layihəəsaslı öyrənmə, diferensiallaşdırılmış təlim və formativ qiymətləndirmə strategiyaları geniş şəkildə təhlil olunub. İştirakçılar dərs planlarının hazırlanması, təlim məqsədlərinin SMART prinsipi əsasında müəyyənləşdirilməsi, eləcə də tələbələrin dinləmə (listening), danışıq (speaking), oxu (reading) və yazı (writing) bacarıqlarının balanslı və sistemli şəkildə inkişaf etdirilməsi yolları ilə bağlı praktik biliklər əldə ediblər.
Təqdimat zamanı vurğulanıb ki, müasir ingilis dili metodikası qrammatik biliklərin sistemli və ardıcıl şəkildə mənimsədilməsini kommunikativ bacarıqların inkişafı ilə vəhdətdə nəzərdən keçirir. Bu yanaşmada əsas diqqət dil vahidlərinin real ünsiyyət mühitində tətbiqinə, eləcə də tələbələrdə tənqidi düşünmə, əməkdaşlıq və problemhəll etmə bacarıqlarının formalaşdırılmasına yönəlir. Beləliklə, qrammatik baza ilə praktik ünsiyyət bacarıqları arasında metodiki balansın qorunması prioritet kimi təqdim olunub.
Seminar çərçivəsində rəqəmsal alətlərdən istifadə imkanları, dinləmə və danışıq bacarıqlarının inkişaf etdirilməsi strategiyaları, eləcə də tələbələrin motivasiyasının artırılması üsulları müzakirə edilib. İnteraktiv formatda təşkil edilən sessiyalar zamanı iştirakçılar praktiki tapşırıqlar üzərində işləyib, real dərs nümunələri əsasında metodiki yanaşmaları tətbiq ediblər. Qazanılmış bilik və bacarıqların real auditoriya mühitində effektiv tətbiqi imkanları geniş şəkildə dəyərləndirilib.
Seminarın sonunda ATMU-nun Dillər kafedrasının filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Aybəniz Qazıbəyova çıxış edərək təlimçi Zarema İbrahimovaya məhsuldar və öyrədici seminar üçün təşəkkürünü bildirib. O, həmçinin ATMU-nun rektoru İlham Mədətov tərəfindən imzalanmış təşəkkürnaməni təqdim edib. Çıxış zamanı qeyd olunub ki, bu kimi peşəkar inkişaf təşəbbüsləri ölkədə xarici dil tədrisinin keyfiyyətinin yüksəldilməsinə, metodiki mədəniyyətin formalaşmasına və müəllimlərin davamlı inkişafına mühüm töhfə verir.







