XƏBƏRLƏR

ADU-da “Xocalıya Ədalət – Unudulmaz faciə” adlı dəyirmi masa keçirilib

27 fevral, 2026

Azərbaycan Dillər Universitetində (ADU) Macar Mərkəzinin və Mərkəzi və Şərqi Avropaşünaslıq ixtisasının 1 ci kurs 181-ci qrup tələbələrinin birgə təşkilatçılığı ilə “Xocalıya Ədalət – Unudulmaz faciə” adlı dəyirmi masa keçirilib.
Tədbir çərçivəsində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin hüzn və ehtiramla yad olunmuşdur. Qeyd edilib ki, hər il fevral ayında xalqımız şəhidlərini anır, onların xatirəsi qarşısında baş əyir.
Çıxışlarda vurğulanıb ki, əsas məqsəd yalnız faciəni anmaq deyil, eyni zamanda tarixi həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bildirilib ki, “Xocalıya ədalət!” çağırışı hər bir azərbaycanlının səsi olmaqla yanaşı, ədalətin gec-tez zəfər çalacağına inamın ifadəsidir.
Sonda iştirakçılar şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.