Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş açıq dərs keçirilib
Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Təhsildə xarici dillər kafedrasının dosenti Salman Nuriyevin təşəbbüsü ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş açıq dərs təşkil edilib. Açıq dərsdə Alman və ingilis dilləri fakültəsinin Xarici dil müəllimliyi (alman dili) ixtisası üzrə təhsil alan 210 B və 210 C qrup tələbələri iştirak ediblər. Tədbirdə kafedra müdiri dosent Həqiqət Hacıyeva və kafedranın əməkdaşları da iştirak ediblər.
Açıq dərs Xocalı soyqırımında həlak olan həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə elan olunub.
Dosent Salman Nuriyev çıxışında Xocalı soyqırımının Azərbaycan xalqı üçün əhəmiyyətindən danışaraq, bu faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması istiqamətində hər bir fərdin üzərinə düşən məsuliyyəti vurğulayıb. O, həmçinin soyqırımın tanıdılması məqsədilə akademik və ictimai fəaliyyətlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Daha sonra tələbələr ingilis dilində çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikir və düşüncələrini bölüşüblər. Dərs interaktiv formada təşkil olunub, tələbələr arasında mövzu ətrafında sual-cavab və fikir mübadiləsi aparılıb.
Dərs zamanı tələbələr Hocalı᾿nın emanetleri: Büyümeyen çocuklar və onun alman dilinə tərcümə olunmuş Kinder, die nicht älter werden, Qarabağ: Nəzarətsiz zona..., eləcə də Bizi əsirlikdən qurtarın (“Release us from captivity”) və digər nəşrlərlə tanış olub, həmin kitablardan alman və ingilis dillərində nümunələr oxuyublar.
Sonda kafedra müdiri dosent Həqiqət Hacıyeva çıxış edərək Xocalı faciəsinin tarixi mahiyyəti, cəmiyyətə vurduğu dərin izlər və soyqırımın beynəlxalq miqyasda tanıdılmasının əhəmiyyəti barədə ətraflı məlumat verib. O, mövzunun ali təhsil müəssisələrində daha geniş şəkildə təbliğinin vacibliyini qeyd edib, bu kimi tədbirlərin tələbələrin tarixə daha dərindən yanaşmasına və milli mənlik şüurunun formalaşmasına töhfə verdiyini bildirib.
Çıxışının sonunda Həqiqət Hacıyeva Xocalı faciəsinin xalqımızın yaddaşında silinməz iz buraxdığını vurğulayaraq, hər bir vətəndaşın bu barədə dolğun məlumata malik olmasının vacibliyini diqqətə çatdırıb.



















