Ana Dilinin Təşviqində Dövlətin Rolu” mövzusunda seminar keçirilib
Fevralın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) İngilis Dilinin Qrammatikası kafedrası tərəfindən “Ana Dilinin Təşviqində Dövlətin Rolu” mövzusunda seminar keçirilib.
Seminar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin ana dili ilə bağlı fikirləri və ana dilinin hüquqi-normativ bazasını yaradan sərəncamlarını əks etdirən videolar nümayiş etdirilib.
Seminarın moderatoru dos. Nailə Nəbiyeva “Ana dilinin zehni inkişafa təsiri” mövzusunda çıxış edərək ölkəmizdə aparılan dil siyasətinin əsas prinsiplərini Noam Çomskinin dil və siyasətlə bağlı nəzəriyyəsi ilə əlaqələndirib.
Fəlsəfə elmləri doktoru, prof. Səfaqət Mahmudova “Ana dili siyasəti: Heydər Əliyevdən İlham Əliyevə uzanan inkişaf yolu”, dos. Mətanət Qocayeva “Heydər Əliyevin dil və mədəniyyət siyasəti”, fəlsəfə elmləri doktoru, prof. Fəridə Allahverdiyeva isə “Milli dil siyasəti və xarici dil tədrisi Ulu öndər Heydər Əliyevin ideyaları əsasında” mövzularında məruzələrini təqdim ediblər.
Məruzəçilər seminar iştirakçılarına Azərbaycan dilinin saflığının qorunması və qloballaşma şəraitində zənginləşdirilməsi istiqamətində həyata keçirilən mühüm proqramları, dilçilik sahəsində elmi tədqiqatlar və nəşrlərin genişləndirilməsini, həmçinin informasiya məkanında Azərbaycan dilinin düzgün istifadəsinə nəzarətin gücləndirilməsini dil siyasətinin əsas prinsipləri kimi təqdim ediblər.
Tədbirin sonunda 201b qrup tələbəsi Abbasova Şəlalə, 116b qrup tələbəsi Məmmədova Gülüstan, 209b qrup tələbələri Şükürova Nərmin və Qurbanova Aysu ana dilinə və ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndiriblər.







