Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib
Fevralın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) Rusiyaşünaslıq Mərkəzində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələrini dil və mədəni irsin qorunması mövzusu ətrafında bir araya gətirib.
Beynəlxalq Ana Dili Günü YUNESKO tərəfindən 21 fevral 1999-cu ildə təsis olunub. Günün əsas məqsədi dünya xalqlarının dil müxtəlifliyinin dəstəklənməsi və onların mədəni özünəməxsusluğunun qorunmasıdır. Açıq məşğələ çərçivəsində ana dilinin mədəni kimliyin formalaşmasında rolu, tarixi yaddaşın daşıyıcısı və milli özünüdərkin əsas sütunu olması xüsusi vurğulanıb.
Rusiyaşünaslıq Mərkəzinin müdiri, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi Hüseynzadə Diana müasir dövrdə dil siyasətinin əhəmiyyətindən və milli dil irsinə həssas münasibətin vacibliyindən danışıb. Regionşünaslıq kafedrasının müəllimi, Mərkəzin aparıcı elmi işçisi Naibova Tamilla Azərbaycan dilinin zənginliyi, ifadə imkanlarının genişliyi, tarixi inkişaf mərhələləri və cəmiyyətin mənəvi dəyərlərinin qorunmasındakı rolunu qeyd edib. Belarus dili və mədəniyyəti Mərkəzinin müdiri, Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Klimov Sergey isə belarus dilinin dövlət dil siyasəti barədə məlumat verib.
Tədbirin açıq formatda keçirilməsi fəal dialoqa və fikir mübadiləsinə geniş imkan yaradıb. Tələbələr yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək etnomədəni proseslərə maraq göstərib və ana dilinə, milli-mədəni dəyərlərə hörmətlərini ifadə ediblər. Tədbir müasir dövrdə dil müxtəlifliyinin əhəmiyyətinin elmi və vətəndaşlıq baxımından dərk olunması üçün mühüm platforma olub.



