XƏBƏRLƏR

Tələbələr Xocalı soyqırımı abidəsini ziyarət ediblər

24 fevral, 2026

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsinin nəzdində İngilis dilinin fonetikası kafedrasının əməkdaşları tələbələrlə birlikdə 26 fevral – Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakının Xətai rayonunda yerləşən Xocalı abidəsi ziyarət edərək XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Bu cür anım tədbirləri gənc nəslin, xüsusilə tələbələrin tarixi yaddaşının formalaşdırılması və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xocalı faciəsinin akademik müstəvidə öyrənilməsi tələbələrdə tənqidi düşünmə bacarıqlarının inkişafına, beynəlxalq humanitar hüquq və münaqişə araşdırmaları sahəsində biliklərinin dərinləşdirilməsinə xidmət edir.

Gələcək nəsillərin tarixi həqiqətlər barədə obyektiv və elmi əsaslı məlumatlandırılması milli kimliyin qorunması, kollektiv yaddaşın davamlılığının təmin olunması və ədalət prinsiplərinin təbliği baxımından strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, universitet mühitində keçirilən belə maarifləndirici tədbirlər tələbələrin həm elmi, həm də mənəvi formalaşmasına töhfə verir.