ADU müəllimi AZETA-nın Müəllim İnkişaf Proqramı çərçivəsində təlimçi kimi çıxış edib
Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Avropa dilləri kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Səlimova AZETA-nın Müəllim İnkişaf Proqramı çərçivəsində müəllimlər üçün təşkil olunan təlimdə təlimçi qismində çıxış edib.
Təlim çərçivəsində keçirilən sessiya “Mini talk, major impact” (TED Talk formatından ilhamlanaraq) mövzusuna həsr olunub. Dinamik və ilhamverici formatda təşkil olunan bu sessiya iştirakçılara qısa zaman ərzində güclü ideyaları effektiv şəkildə təqdim etməyə yönəlib.
TED Talk formatından ilhamlanan təlimdə effektiv ünsiyyətin əsas elementləri olan aydınlıq, hekayəçilik və özünəinamlı təqdimat bacarıqları ön plana çəkilib.
Sessiya zamanı iştirakçılar ideyaların səmərəli şəkildə strukturlaşdırılması, auditoriya ilə emosional əlaqənin qurulması, məqsədli və inamlı çıxışın formalaşdırılması, eləcə də ilham verən, inandırıcı və yadda qalan mesajların yaradılması üzrə bacarıqlara yiyələniblər.











