XƏBƏRLƏR

ADU EKİXM-də Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirilib

26 dekabr, 2025

  Dekabrın 26-da Azərbaycan Dillər Universiteti Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin (EKİXM) oxu zalında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir təşkil olunub. Tədbirin məqsədi tələbələr arasında milli dəyərlərin təbliği, həmrəylik ruhunun gücləndirilməsi və yeni ilin yaratdığı müsbət ovqatın paylaşılması olub.
Tədbiri açılış nitqi ilə EKİXM-in əməkdaşı Elşən Hüseynli açıb. O, Həmrəylik Gününün gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsində mühüm tərbiyəvi və mənəvi rol oynadığını vurğulayıb və yeni ilin hər kəs üçün uğurlu, sağlam və sülh dolu olmasını arzulayıb.
Daha sonra EKİXM-in direktoru Cəmilə Əliyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, bu günün Azərbaycanın ictimai-mədəni həyatında xüsusi yer tutduğunu qeyd edib. O, universitetin mədəni mühitinin zənginləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edərək əməkdaşlara və tələbələrə uğurlar arzulayıb.
Tədbirin bədii proqramı Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi, Respublikanın Əməkdar artisti Sevinc Sarıyevanın çıxışı ilə başlayıb. Daha sonra İngilis və Fransız Dilləri Fakültəsinin tələbələri Talıblı Şəms və Paşayeva Könül bədii kompozisiyalarla çıxış ediblər.
IX Muğam müsabiqəsinin finalçısı Yusif Cəfərbəyli, eləcə də Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri Ceyran Vəlizadə, Zilan Süleymanlı, Aytac Həsənli və Simuzər Əlibəyli müxtəlif muğam parçalarını ifa ediblər. İfaçılar tarda Səxavət Məmmədov, kamançada isə Fərid Qədirov tərəfindən müşayiət olunublar. Tədbir Əməkdar artist Sevinc Sarıyeva və tələbələrin ifasında səslənən “Qarabağ şikəstəsi” ilə yekunlaşıb.
ADU rektorunun müşaviri Anar Osmanlı çıxış edərək tədbiri yüksək qiymətləndirib, iştirakçılara və ifaçılara təşəkkürünü bildirib. O, bu cür mədəni tədbirlərin tələbələrin və gənclərin intelektual və mənəvi inkişafına mühüm töhfə verdiyini vurğulayaraq hər kəsə uğurlu yeni il arzulayıb.