XƏBƏRLƏR

ADU-da elmi-praktik təlim keçirilib

15 dekabr, 2025

 

Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə növbəti elmi-praktik təlim keçirilib. Təlim AZ ACADEMY GROUP MMC-nin rəhbəri, Amerika Psixoloqlar Assosiasiyasının üzvü, pedaqoq-psixoloq Nürşən Qurbanova, eləcə də Mind Up Konsaltinq, MCW İnformasiya Texnologiyaları və AZ Teknologiya şirkətlərinin qurucusu və rəhbəri Zafer Polat Koyuncu tərəfindən aparılıb. Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri ilə yanaşı, Azərbaycan İqtisad Universitetinin tələbələri də iştirak ediblər.

Təlim çərçivəsində iştirakçılara şəxsi inkişaf, özünüdərk, məqsədlərin müəyyənləşdirilməsi, davranışın tənzimlənməsi və akademik fəaliyyətin təşkili ilə bağlı əsas məlumatlar təqdim olunub. Eyni zamanda, tələbələrə özünü davamlı şəkildə inkişaf etdirməyə yönəlmiş fəaliyyət modelləri, elmi-nəzəri biliklər və praktiki izahlar verilib. Təlim interaktiv müzakirələr, situasiya analizləri və tətbiqi nümunələr əsasında təşkil edilib.

Təlimdə iştirak edən tələbələr, həmçinin Tələbə Elmi Cəmiyyətinin sədri, professor Aysel Məmmədbəyli təqdim olunan məlumatların aktuallığını, təlimçilərin yüksək elmi-peşəkar hazırlığını, mövzuların izahındakı aydınlıq və ardıcıllığı, eləcə də metodoloji əsaslandırmanı yüksək qiymətləndiriblər. Qeyd olunub ki, təlim proqramı struktur baxımından olduğu kimi, elmi-nəzəri dərinliyi və praktiki tətbiq imkanları ilə də nümunəvi səviyyədə hazırlanıb. İştirakçılar təlimçilərin peşəkarlığını, suallara verilən əhatəli cavabları və interaktiv yanaşmanı xüsusi vurğulayıblar.

Təlimçilər isə Azərbaycan Dillər Universiteti və Azərbaycan İqtisad Universiteti tələbələrinin hazırlıq səviyyəsini, fəallığını və müzakirələrdə aktiv iştirakını yüksək dəyərləndiriblər. Təlim müddətində tələbələrin sualvermə bacarığı, mövzuya diqqəti və analitik yanaşması əsas məqamlar sırasında qeyd olunub.

Keçirilmiş təlim Azərbaycan Dillər Universitetində elmi-praktik fəaliyyətlərin genişləndirilməsi istiqamətində təşkil olunan tədbirlər sırasına daxildir. Tədbir nəzəri biliklərin praktiki fəaliyyətlərlə əlaqələndirilməsi baxımından ali təhsil mühitinə uyğun şəkildə həyata keçirilib. İki universitetin tələbələrinin birgə iştirakı isə qarşılıqlı akademik əməkdaşlığın və tələbə elmi fəaliyyətinin genişləndirilməsi baxımından əhəmiyyətli olub.