XƏBƏRLƏR

ADU müəllimi “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı”nda iştirak edib

06 noyabr, 2025

 

Azərbaycan Dillər Universiteti Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova 11–19 oktyabr tarixlərində Azərbaycan Tibb Universitetində keçirilən “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” (ASSİP) çərçivəsində təşkil edilən ToT2 (Training of Trainers) proqramında iştirak edib.

ASSİP layihəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə BEU Technopark və “Yeni Fikir” MMC tərəfindən icra olunub. Təlimdə 12 müxtəlif ali təhsil müəssisəsini təmsil edən müəllim və tədqiqatçılar iştirak edərək akademik sahibkarlıq, startap inkubasiyası və mentorluq bacarıqlarını inkişaf etdiriblər.

İki həftə davam edən proqramda iştirakçılara Türkiyədən gəlmiş və bu istiqamətdə xüsusi təcrübəyə malik təlimçilər – “Key of Change” şirkətinin təsisçisi Murat Özanlar, Türkiyə İnkişaf Fondunun İnnovativ Texnologiyalar proqramının direktoru Eyüp Serdar Gökpınar və “Yeni Fikir” MMC-nin təsisçisi İsa Qasımov tərəfindən təlimlər keçirilib.

1 noyabr tarixində Azərbaycan İnnovasiya Mərkəzində “Training of Trainers” (Təlimçi hazırlığı) layihəsinin bağlanış mərasimi baş tutub və proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.