ADU nümayəndəsi FHN Akademiyasında keçirilən seminarda iştirak edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında şəxsi heyətlə iş üzrə zabitlərin biliklərinin artırılması, mənəvi-psixoloji işin daha səmərəli təşkili və bu sahədə birgə fəaliyyətin müəyyən edilməsi məqsədilə “Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulmasında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin rolu” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə Akademiyanın rəis müavini, polkovnik Aslan Hüseynov açaraq, şəxsi heyətlə iş istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, həmçinin mənəvi-psixoloji sabitliyin hərbi kollektivlərdə sağlam münasibətlərin formalaşmasında mühüm rol oynadığından bəhs edib.
Seminarda Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində Psixologiya və Pedaqogika kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Könül Haqverdiyeva, Mülki Müdafiə Qoşunları Komandanlığının Şəxsi heyətlə iş üzrə şöbəsinin Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı bölməsinin rəisi, şöbə rəisinin müavini, polkovnik-leytenant Bəhruz Əsədov, “Meduna” Psixoloji Mərkəzin psixoloqu Nuranə Zeynalova və Akademiyanın Şəxsi heyətlə iş bölməsinin əməkdaşları çıxış ediblər.
Çıxışlarda hərbi kollektivlərdə sağlam psixoloji mühitin qorunması, nizamnamə münasibətlərinin düzgün qurulması, zabitlərin ideoloji və mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
Sonda seminar iştirakçıları mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər.







