Aysel Səfərova “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində beynəlxalq sertifikatlar qazanıb
Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının filologiya üzrə fəlsəfə doktoru , baş müəllimi Aysel Vəliyulla qızı Səfərova, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” – “Milli Proqram”a qatılmışdır. Bu proqram vasitəsilə o, Coursera beynəlxalq təhsil platformasında dünyanın aparıcı universitetləri – Arizona State University, University of California, Irvine, Vanderbilt University və The University of Sydney tərəfindən təqdim olunan müxtəlif ixtisasartırma kurslarını uğurla başa vuraraq beynəlxalq sertifikatlarla təltif olunmuşdur.
Tamamladığı kurslar aşağıdakı sahələri əhatə edir:
- Teach English Now! Teaching Language Online – Arizona State University
- IELTS Writing Skills Mastery – University of California, Irvine
- IELTS Reading Skills Mastery – University of California, Irvine
- IELTS Listening and Speaking Sections Skills Mastery – University of California, Irvine
- Writing Skills for University Success – University of California, Irvine
- Innovative Teaching with ChatGPT – Vanderbilt University
- Information & Digital Literacy for University Success – The University of Sydney
Bu kurslar vasitəsilə Səfərova Aysel innovativ tədris metodları, akademik yazı bacarıqları, IELTS hazırlığı, rəqəmsal savadlılıq və süni intellektin təhsildə istifadəsi kimi sahələrdə dərin biliklər əldə etmişdir. Qlobal miqyasda tətbiq olunan müasir metodikaların öyrənilməsi və tətbiqi sayəsində dərslərini daha maraqlı, effektiv və tələbəyönümlü şəkildə qurmağa nail olmuşdur.
Aysel Səfərova əldə etdiyi bilik və bacarıqları dərslərində uğurla tətbiq edir. Bu nailiyyətlər onun peşəkar inkişafını əks etdirməklə yanaşı, ADU-da tədrisin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq təcrübənin tədrisə inteqrasiyasına böyük töhfə verir.













